Zelenski Avropanı ABŞ-dən nümunə götürməyə çağırdı
Ukrayna prezidenti Volodimir Zelenski “Gürcü Arzusu” partiyasının fəxri prezidenti Bidzina İvanişviliyə sanksiyalar baxımından Avropa dövlətlərini ABŞ-dən nümunə götürməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində yazıb.
Ukrayna, ingilis və gürcü dillərində təkrarlanan qeyddə Zelenski milyarder İvanişviliyə qarşı sanksiyaları “gürcü xalqına və bütün regionumuza dəstək üçün güclü addım” adlandırıb.
“İvanişvili bu gün Tiflisdə faktiki hökmdardır və Gürcüstanı Putinin nəzarətinə vermək üçün hər şeyi edir. Bizim regionda hər hansı bir ölkənin itirilməsi, bir xalq üçün demokratiyanın məhv edilməsi və Rusiyanın cinayətkar təsirinin yayılması bütün region, bütün xalqlar üçün təhlükə yaradır”, - deyə Ukraynanın dövlət başçısı vurğulayıb.
O, xatırladıb ki, Ukrayna artıq İvanişvili və onun ətrafına qarşı sanksiyalar tətbiq edib.
“Və biz bütün avropalı tərəfdaşları, xalqların normal həyatını və azadlığını qiymətləndirən dünyadakı bütün tərəfdaşları İvanişviliyə qarşı məhz belə sanksiyalar tətbiq etməyə çağırırıq ki, o, öz ölkəsinin müstəqilliyini məhv etməyin və gürcü xalqını alçaltmağın bədəlini anlasın”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, baltikyanı ölkələr və Ukraynadan sonra cümə günü ABŞ Gürcüstanda demokratiyadan geri çəkilməyə və hökumət əleyhinə etirazların sərt şəkildə yatırılmasına görə Bidzina İvanişviliyə sanksiyalar tətbiq edib.
Xatirə SADİQ