1 kəndin 2 yumoristi

İvanovka kəndində çox adam tanıdım. Soruşsan, hamıdan əvvəl qoca ləzgi çobanın adını çəkərəm.

Aug 19, 2025 - 12:51
1 kəndin 2 yumoristi

İlk dəfə görüşəndə özünü təqdim etdi: “Həmzə”. Dedim ki, bu vaxtadək bir nəfər Həmzə tanımışam, o da “Koroğlu”dan Keçəl Həmzədir. Bunu eşitcək, papağını qaldırıb keçəl başını göstərdi. Sanki demək istəyirdi “O – mənəm”.

Cavanların, kişili-qadınlı yaşıdlarımın puç düşüncələrlə yaşadıqları acı dövrdə 84 yaşlı bir qoca ilə söhbətimizin tutacağını gözləməzdim. Mehriban, gülərüz insanın danışığı adamı qətiyyən yormurdu. Dükanlarda borc dəftərləri yazıldığı, kəndin tüfeylilərinin addımbaşı diləndikləri zaman Həmzə kişi heç vaxt pul və ya başqa şey istəməmişdi. Halbuki, pensiyaya çobanlıqdan çıxmış qocanın aldığı nə ola bilərdi?..

Başqalarından eşitdim ki, onun ailə həyatı məşəqqətlidir. Arvadı xeyli vaxtdır vəfat edib. Yaşına baxmayaraq, örüşə gedir, növbə çobanlığı edir. Üç qızının bəxti açılmayıb, ata evinə sığınıblar. Yeganə oğlu kəndin məşhur alkaşlarındandır. Həmzə kişi isə qətiyyən bivec deyil, dərdini içində çəkir.

Onunla mən – iki ali məktəb bitirib üçüncüdən “Bəsindir!” deyilib qovulmuş cavan – nə barədə danışırdıq? Dəqiq bilirəm ki, siyasətdən, futboldan – yox. Həyat haqqında? Hə. Qadınlardan? Olub, etiraf edirəm. Amma nə söhbət aparmışdıqsa, rahat “həzm” edilib. Əks halda, ondan uzaq gəzərdim.

Bir gün dedilər ki, dükanın qarşısında məni üç saat gözləyib. Satıcı ona kətil gətirib. Soruşub: “Bəlkə xəbər çatdırım? Evini tanıyırsan – ora get”. Narahat etmək istəməyib. Öz ürəyi həyəcanla döyünən insan başqasının rahatlığının qayğısına qalırdı.

Küçədə görüşüb sataşdım. Dedim: “Evdə gecələməmisən. Səhər açılanda o biri tərəfdən gəlirsən”. Müdafiəyə keçdi: “Elə şey ola bilməz”. Ayrılıb, tanışa baş çəkdim. 15 dəqiqə sonra qayıdanda, gördüm skamyada oturub. Məni gözləyirmiş. Ərk edib soruşdu:

– Düzdür ki, kişilər 60 yaşında gücdən düşürlər?

Dedim:

– Kişi, neçə yaşın var?

– 84.

– Daha məndən niyə, özündən soruş.

Niyə Həmzə haqqında keçmiş zamanda nəql edirəm – yəqin başa düşdün. Niyə hörmət və ehtiramla – bu da aydındır.

Tatyana nənəni (“Баба Таня”) eləcə tez-tez xatırlayıram. Lakin başqa səbəbdən. Onun da 84 yaşı vardı. Həmzə kimi zarafatcıl deyildi, amma bir dəfə məni yaxşıca güldürdü. Dedi:

– Bir vaxtlar burada yunanlar yaşayıblar.

Rusların hər yerin onlara mənsub olduğu barədə şovinist iddialarını çox eşitmişəm. Mister Putin də məktəbli oğlana demişdi ki, Rusiyanın ərazisi Uzaq Şərqdə, Sakit okeandan başlanır və ...heç yanda qurtarmır. Yunanlar mənim üçün yeni lətifə oldular.

– Niyə yunanlar? Onlar harada yaşayıblar? - deyə maraqla xəbər aldım.

Əli ilə havada qövs çəkib dedi:

– Hər yerdə.

– Yunanlar Azərbaycanda heç vaxt sakin olmayıblar.

Məzəli qarı inadından dönmürdü:

– Bəs niyə “yunan qozu” (“грецкий орех”) deyilir?

– Bunu ruslar deyirlər, çünki qozu ilk dəfə yunanlarda görmüsünüz. Azərbaycanlılar isə onu daim sadəcə “qoz” adlandırıblar. Çünki həmişə öz torpağımızda, öz ağacımızda bitib.

Ürəyim sakit olmadı. Qarını maarifləndirməmiş buraxa bilməzdim:

– Elə isə, əvvəllər Rusiyada yalnız bolqarlar yaşayıblar. Çünki ruslar “bolqar bibəri” (“болгарский перец”) deyirlər.

And olsun Castin Biberə, qarı inandı, bir az da karıxdı.

A.ƏZİZ