“Zelenski və Putin Cenevrədə görüşsün” – Makrondan təklif
Ukrayna prezidenti Volodimir Zelenski ilə Kreml lideri Vladimir Putin arasında danışıqlar Avropada, xüsusən də Cenevrədə aparılmalıdır.
SAVASHMEDİA.az BFMTV-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Bu, fərziyyədən daha çox, hətta kollektiv iradədir. Bu, neytral ölkə olacaq, ona görə də İsveçrə ola bilər. Mən Cenevrənin və ya başqa ölkənin tərəfdarıyam. Sonuncu dəfə ikitərəfli müzakirələr İstanbulda olub”, - deyə Emmanuel Makron bu görüşün Avropada keçirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Sky News isə xəbər verib ki, Makron Putinin indi Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olduğuna şübhə etdiyini bildirib.
“Mən vəziyyətə və faktlara baxanda, prezident Putinin hazırda həqiqətən də sülh istədiyini görmürəm”, - deyə Fransa prezidenti Ağ Evdə baş tutan danışıqlardan sonra vurğulayıb.
Eyni zamanda, o, ABŞ prezidenti Donald Trampın sülh sazişinin bağlanması ilə bağlı “nikbinliyini” yüksək qiymətləndirib və “buna ciddi yanaşmaq lazım olduğunu” əlavə edib.
“Əgər o, razılığa gələ biləcəyini düşünürsə, bu, əla xəbərdir və biz uğur qazanmaq üçün əlimizdən gələni etməliyik”, - deyə Makron bildirib.
Xatirə SADİQ