Gürcü diplomatları vəzifələrini tərk edirlər

Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya və beş səfir vəzifələrini tərk ediblər. 

Dec 2, 2024 - 15:35
Gürcü diplomatları vəzifələrini tərk edirlər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Moscow Times” yazır.

Diplomatlar bu addımlarını Gürcüstan hökumətinin noyabrın 28-də Avropaya inteqrasiyanı təxirə salmaq qərarı ilə izah ediblər. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze dekabrın 1-də ABŞ-dəki səfir David Zalkaliani və xarici işlər nazirinin müavini Teymuraz Cancaliyanın istefasını təsdiqləyib. 

Həmin gün Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze “Gürcüstan Avropadır” deyərək könüllü olaraq vəzifəsini tərk edib. Diplomat “X” sosial şəbəkəsindəki mesajında qeyd edib: “On ildən artıqdır Gürcüstanın suverenliyini və Avro-Atlantik istəklərini təbliğ etməklə onun maraqlarına xidmət etmək mənim üşün şərəf idi”.

İtaliyadakı səfir vəzifəsini icra edən İrakli Vekua və Hollandiyadakı fövqəladə və səlahiyyətli səfir David Solomoniya noyabrın 30-da istefa verdiklərini elan ediblər. 

“Mən zorakılığı pisləyirəm və istefa verirəm, çünki vəziyyətə təsir etmək qabiliyyətinə artıq inanmıram”, - deyə Solomoniya vurğulayıb.

Noyabrın 29-da Bolqarıstandakı səfir Otar Berdzenişvili istefa verib. O, “X” sosial şəbəkəsindəki səhifəsində bildirib: “İyirmi ildən artıq mən Gürcüstanın Avropaya inteqrasiyasının gücləndirilməsinə töhfə vermişəm. Bizim səylərimiz puça çıxmamalıdır”.

Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşları da etirazlara qoşulublar. 135-dən çox diplomat hakimiyyətin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarını pisləyən bəyanat imzalayıb. Onlar vurğulayıblar ki, Avropaya inteqrasiya gürcü xalqının iradəsi və ölkənin strateji seçimidir. 

Oxşar bəyanatlarla Milli Bankın, Təhsil Nazirliyinin, Tiflis meriyasının və Konstitusiya Məhkəməsinin əməkdaşları çıxış ediblər. 

Xatirə SADİQ