Zelenski ən mühüm gözləntisini açıqladı 

“Ukraynanın can atdığı əsas təhlükəsizlik təminatları arasında NATO və Avropa İttifaqına  inteqrasiya, əhəmiyyətli hərbi yardım, xarici dövlətlərin hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsi var”.

Jan 15, 2025 - 18:27
Zelenski ən mühüm gözləntisini açıqladı 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski Polşanın baş naziri Donald Tuskla birgə mətbuat-konfransı zamanı deyib. 

Donald Tramp administrasiyasından gözləntiləri ilə bağlı sualı cavablandırarkən Zelenski bildirib ki, Vaşinqtondan Ukraynanı gücləndirmək siyasətini davam etdirəcəyini gözləyir. O, bildirib ki, hazırda Ukrayna və ABŞ liderlərinin komandaları  inauqurasiyadan sonra keçiriləcək gələcək görüşün məzmunu və formatı üzərində işləyirlər. Amma Zelenski təfərrüatlara varmayıb və görüşün tarixini açıqlamayıb. 

Ukrayna prezidenti bir daha nəzərə çatdırıb ki, hazırda ən mühüm gözləntisi müharibəni güclü təhlükəsizlik təminatları ilə bitirməkdir: “Biz ( müharibəni – red. ) ədalətli sülhlə başa vurmaq istəyirik. Bunun üçün Rusiyanın bir daha Ukraynaya qarşı müharibəyə qayıtmayacağına əminlik lazımdır. Bizim üçün güclü təhlükəsizlik təminatları lazımdır”.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri “ciddi silah paketləri və Ukrayna ordusuna dəstək” şəklində olmalıdır: “Sən Rusiya ilə qonşu olduğun zaman bu, əhəmiyyətli dərəcədə azala bilməz”.

Uklrayna prezidenti deyib ki, ölkəsi potensial təhlükəsizlik təminatı kimi bəzi müttəfiq ölkələrin kontingentinin öz ərazisində yerləşdirilməsini dəstəkləyir, lakin bu, yerləşdirmə təhlükəsizliyin yeganə təminatı ola bilməz.

Zelenski onu da qeyd edib ki, artıq Baltikyanı tərəfdaşları ilə bu məsələni müzakirə edib və Böyük Britaniya lideri ilə də müzakirə edəcək. Onun sözlərinə görə, xarici kontingentin yerləşdirilməsindən əvvəl Ukraynaya təlim proqramı ilə xarici instruktorların göndərilməsi daha bir variant ola bilər.

Ukrayna lideri bir daha diqqətə çatdırıb ki, ölkəsi Ukrayna ordusunu ixtisar etmək ismarıcları ilə oyun oynamayacaq: “Bu gün ordumuz təhlükəsizliyin yeganə qarantıdır. Böyük ordunu necə saxlamaq da bu razılaşmaların tərkib hissəsidir”, - deyə o, yekunlaşdırıb.

Xatirə SADİQ