Zelenski Gürcüstanın 19 məmurunu "qara siyahı"ya saldı - "Ölkəni Putinə təhvil verirlər"

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hökumətinə, xüsusən də onun lideri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Dec 5, 2024 - 14:08
Dec 5, 2024 - 14:08
Zelenski Gürcüstanın 19 məmurunu "qara siyahı"ya saldı - "Ölkəni Putinə təhvil verirlər"

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Facebook” social şəbəkəsindəki rəsmi səhifəsində elan edib.

“İndicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım. Bu sanksiyalar hakimiyyətin o hissəsinə aiddir ki, onlar hazırda Gürcüstanı Putinə təhvil verirlər. Ukrayna İvanişvili və onun əlaltılarına – 19 nəfərə qarşı sanksiyalar tətbiq edib. Məhz onlar Gürcüstanın, xalqın maraqlarını satanlardır”. 

Ukrayna prezidenti Avropanı, Amerikanı və dünyada hər kəsi belə prinsipial hərəkət etməyə çağırıb.

Zelenskinin sözlərinə görə, əgər vaxtında reaksiya verilməsə və ya prinsipsiz davranılsa, o zaman itirilən onilliklər və azadlıqdan məhrum edilmiş ölkələr meydana çıxacaq. 

“Bu regionda heç kimi itirmək olmaz – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı”, - deyə Zelenski əlavə edib.

O, Moskvaya qarşı birlikdə müdafiə olunmağa çağırıb.

Xatirə SADİQ