Zelenski parlamentdə Qələbə Planının 5 bəndini açıqladı – “Putin ağlını itirib, sülh olmayacaq”
Ukrayna prezidenti Vladimir Zelenski 5 bənd və 3 məxfi əlavədən ibarət qələbə planını Ali Radaya təqdim edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident ölkə parlamentində çıxış edib.
Zelenski bildirib ki, Rusiya ədalətli sülh axtarmır, işğalçı dövlətin hökmdarı Vladimir Putin ağlını itirib və müharibə istəyir, o, dəyişməyəcək, heç kimə də qulaq asmır.
Onun sözlərinə görə, sülh planının həyata keçirilməsi Rusiyadan deyil, Ukraynanın tərəfdaşlarından asılıdır. Ukrayna və tərəfdaşları şəraiti birlikdə elə dəyişməlidir ki, müharibə bitsin və Rusiya Federasiyasının sülhə məcbur edilsin.
Sonra Zelenski qələbə planını açıqlayıb: “Birinci müddəa (və çox vacib olan) NATO-ya dəvətdir. İndi. Bu, tərəfdaşların Ukraynanın təhlükəsizlik memarlığında yerini necə gördükləri ilə bağlı müəyyənlikdir”.
Zelenski bildirib ki, ikinci müddəa müdafiədir: “Bu, Ukrayna müdafiəsinin dönməz şəkildə möhkəmləndirilməsi və müharibənin Rusiya Federasiyasına tərəf yönəlməsidir (bu, müharibənin düşmən ərazisinə qaytarılması deməkdir). Bu elementin gizli əlavəsi var”.
O, vurğulayıb ki, üçüncü müddəa – Rusiyanın təcavüzünün qarşısını almaqdır: “Bunun üçün ABŞ, İngiltərə və İtaliya liderlərinin də əldə edə biləcəyi gizli əlavə də var. Ukrayna Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün öz ərazisində hərtərəfli qeyri-nüvə paketini yerləşdirməyi təklif edir”.
Zelenski qeyd edib ki, dördüncü müddəa Ukraynanın strateji və iqtisadi potensialı ilə bağlıdır. “Üstəlik, məxfi əlavə ABŞ və AB ilə paylaşılıb. Bu, tərəfdaşlarla razılaşmanı nəzərdə tutur”.
Ukraynanın dövlət başçısı deyib ki, beşinci bənd müharibədən sonrakı dövr üçün nəzərdə tutulub: “Ukrayna təcrübəsi bütün Alyans və Avropanın müdafiəsi üçün istifadə edilməyə hesablanıb. Kiyev müharibədən sonra Avropadakı Amerika ordusunu Ukrayna ordusu ilə əvəz etməyi təklif edir”.
Parlamentdəki çıxışından sonra Zelenskinin parlament rəhbərliyi, fraksiya və qrup rəhbərləri ilə görüşü nəzərdə tutulub. Zelenskinin ofisi əvvəklcədən xəbərdarlıq edib ki, prezident qələbə planını tam şəkildə Ali Radaya təqdim etməyəcək, çünki məxfi əlavələr barədə məlumat verilməyəcək.
Xatirə SADİQ