Zelenski Qərbin Gürcüstan susqunluğuna üsyan etdi - "Nə baş verdiyini görmürsünüz?"
Ukrayna prezidenti Vladimir Zelenski Qərbin Gürcüstandakı mövcud vəziyyətə reaksiyasını tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “CBN”ə müsahibəsində danışıb.
“Bu gün Gürcüstanda nə baş verdiyini görürsünüzmü? Bu barədə çox az danışılır. Mən Amerikanın bu gün Gürcüstandakı vəziyyətlə bağlı hərəkətlərini zəif hesab edirəm. Hər şey çox oxşardır. Gürcüstanın bir hissəsi işğal edildi. Onunla bağlı heç nə baş vermədi. Gürcüstanda, sadəcə, ölü hissə var. Orada canlı heç nə yoxdur”, - deyə Zelenski bildirib.
Zelenski əmindir ki, Rusiya qəsdən Gürcüstanda dondurulmuş münaqişə yaradıb ki, ölkə inkişaf edə bilməsin, Avropa İttifaqı və NATO-ya daxil olmasın: “Onlar (Rusiya Federasiyası) Moldovada da eyni şeyi etdilər. Onlar Ukraynada və bütün dünyada da eyni şeyi etdi”.
Ukrayna prezidenti hesab edir ki, bir vaxtlar azad və demokratik Gürcüstan indi Moskvaya bağlı oliqarxların nəzarəti altındadır.
“Bu gün onlar tamamilə Rusiya Federasiyasının idarəetməsi altındadır. Hesab edirəm ki, ABŞ və Avropa güclü deyildi və Rusiyanı öz yerinə oturtmadı. Bu gün onları Rusiya Federasiyası ilə görüşməyə məcbur edirlər. Bax, bu, baş verir. ABŞ indi hansı güclü tədbirlər görüb? Avropa ölkələri hansı güclü tədbirlər görüblər? Mən görmürəm”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Xatırladaq ki, Tbilisidə Avropayönlü etirazların vəhşicəsinə dağıdılmasına cavab olaraq Zelenski dekabrın 5-də Gürcüstan rəsmilərinə qarşı sanksiyaları təsdiqləyib.
Canksiyalar Gürcüstanın baş naziri İrakli Kobaxidze, hakim partiyanın qurucusu Bidzina İvanişvili və “Gürcü Arzusu”na yaxın olan 17 digər məmur və iş adamını əhatə edib. Zelenski deyib ki, sanksiyalar “Gürcüstan hökumətinin Gürcüstanı Putinə təhvil verən hissəsinə qarşı yönəlib”.
Xatirə SADİQ