Zelenski Trampa vədini xatırlatdı - “İki həftə bitdi…”

Ukrayna prezident Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiyaya real danışıqlara hazır olduğunu göstərmək üçün verdiyi iki həftə vaxtın bitdiyinə diqqəti cəlb edib. 

Sep 1, 2025 - 13:38
Zelenski Trampa vədini xatırlatdı - “İki həftə bitdi…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.

“İki həftə əvvəl Vaşinqtonda deyilirdi ki, bu vaxta qədər ruslar real danışıqlara, liderlər səviyyəsində görüşə hazır olmalıdırlar. Ukrayna, şübhəsiz ki, buna hazırdır. Lakin Rusiyanın etdiyi yeganə şey gələcək müharibəyə sərmayə qoymaqdır. Onlardan gələn bütün siqnallar bu barədədir”, - deyə Zelenski vurğulayıb.

Zelenski nəzərə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün 4 günlük müddətə Çinə uçan Rusiya lideri Vladimir Putin “yenidən bu işin içindən çıxmağa çalışacaq – bu, onun bir nömrəli idmanıdır”.

Ukrayna prezidenti bəyan edib ki, dünyada hər kəs atəşkəsin olmasını, müharibənin bitməsini dəstəkləyir. 

Onun sözlərinə görə, bu barədə hazırda sammitdə olan Çin, Hindistan, Türkiyə, Azərbaycan, Qazaxıstan və digər ölkələrin liderləri ilə danışıb: “Demək olar ki, dünyada hər kəs müharibənin bitməsinin lehinədir. Bu gün Papanın prinsipial bəyanatı var, buna görə təşəkkür edirəm. Müharibə istəyən yeganə ölkə Rusiyadır. Biz heç kimin müharibənin uzanmasına dözməyəcəyinə güvənirik, ABŞ, Avropa və G20 ölkələrindən güclü mövqe gözləyirik”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Avropa liderləri ilə görüşü zamanı demişdi ki, “bir-iki həftəyə” Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunmasının mümkün olub-olmayacağı məlum olacaq. 

Tramp avqustun 25-də dedi ki, qarşıdakı iki həftə ərzində döyüşlərin dayandırılması ilə bağlı razılıq əldə olunmasa, Rusiya üçün “çox ciddi fəsadlar” ola bilər.

Xatirə SADİQ