Kreml təbrik etmədi, Magyar Putindən DANIŞDI - "İşdir, mənə zəng etsə..."

Aprelin 12-də  Macaristanda keçirilən seçkilərdə qələbə qazanan “Tisza” partiyasının sədri Peter Magyar Rusiya və Vladimir Putinlə bağlı açıqlama verib.

Apr 13, 2026 - 19:28
Kreml təbrik etmədi, Magyar Putindən DANIŞDI - "İşdir, mənə zəng etsə..."

P.Magyar bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamayacaq:

“Vladimir Putin mənə zəng etsə, telefonu götürərəm. Ancaq Putinin əlaqə saxlayacağını düşünmürəm. Özüm isə ona zəng etməyəcəyəm” – Magyar bildirib.

Ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı bundan sonrakı mövqeyinin necə olacağına da aydınlıq gətirən Magyar qeyd edib ki, Rusiya Prezidenti ilə söhbəti baş tutsa, ondan Ukrayna ilə müharibəni dayandırmasını istəyəcək.

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verərək Kremlin Peter Magyarı qələbə münasibətilə təbrik etməyəcəyini bildirib. 

O qeyd edib ki, Rusiya dost olmayan ölkələrə təbrik ünvanlamır. Macarıstan isə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara dəstək verdiyi üçün dost ölkə deyil. Peskov Viktor Orbanı “əvvəllər Rusiya ilə dialoqu olan tərəf” adlandırıb. 

Peskovun açıqlamasının əksinə, illərdir davam edən proseslərə nəzər salsaq, görərik ki, Rusiya ilə Macarıstan arasında iqtisadi məsələlərlə bağlı çox yaxın tərəfdaşlıq olub. Rusiya Prezidentinin Macarıstan və Viktor Orbanla bağlı fikirləri çox yüksəkdir. 

Viktor Orban və Vladimir Putin

Belə ki, Rusiya lideri görüşlərində dəfələrlə Macarıstanı “dost və tərəfdaş ölkə” adlandırıb. Macarıstanın inkişafında Orbanın rolunu qiymətləndirən Putin macar siyasətçini “etibarlı tərəfdaş”, “praqmatik lider” kimi xarakterizə edib. Viktor Orban da çıxışlarında Vladimir Putinin şanına mədhiyyələr düzüb. Onu “güclü və realist lider” adlandırıb. Rusiyanın Macarıstanın çox vacib tərəfdaşı olduğunu bildirib. 

Orban Ukrayna müharibəsi ilə bağlı Rusiyanı açıq şəkildə dəstəkləməsə də, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara hər zaman qarşı çıxıb. Rusiya ilə balanslı siyasət aparmağın tərəfdarı olub .Viktor Orbanın dövründə Macarıstan sanskiyalara baxmayaraq, Rusiyadan qaz alışına davam edib. 

Viktor Orban Macarıstanı ilə bağlı Avropada fərqli fikirlər hökm sürüb. Bəzi liderlər Viktor Orbanı “Putinə yaxın lider”, Macarıstanı isə Rusiya məsələsinə görə, “problemli tərəfdaş” adlandırıblar. Bəzilər isə Viktor Orbanı ölkəsinin mənafeyini qorumaq istəyən lider kimi xarakterizə ediblər. 

Orbanı ən sərt tənqid edənlərdən biri, hətta birincisi Ukrayna Prezidenti Volodimir Zelenskidir. Ukrayna Prezidenti Orbanı bir neçə dəfə sərt şəkildə tənqid edərək onu tərəfini seçməyə çağırıb. Hətta Orbanı dolayı yolla “Putinin adamı” adlandırıb.

Banu
SAVASHMEDİA.az