“Zelenskinin acığına…” – Slovakiyanın baş naziri

Slovakiyanın baş naziri Robert Fitso bazar günü Kremldəki görüşünün Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına cavab olduğunu bildirib.

Dec 23, 2024 - 10:37
“Zelenskinin acığına…” – Slovakiyanın baş naziri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fitso “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Avropa İttifaqı liderləri cümə günü mənim səfərim və onun məqsədi barədə məlumatlı idilər. Bugünkü görüşüm cümə axşamı sualıma cavab verən Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynadan ərazimizə hər hansı qaz tranzitinə qarşı olduğu barədə bəyanatına cavab idi. Ukrayna prezidenti həmçinin Rusiyanın nüvə proqramına qarşı sanksiyaların tərəfdarıdır. O, bu mövqeyi ilə Slovakiyaya maliyyə ziyanı vurur və Slovakiyadakı atom elektrik stansiyalarında elektrik enerjisi istehsalını təhlükə altına qoyur. Bu, qəbuledilməzdir”, - deyə Fitso vurğulayıb.

Slovakiyanın baş naziri bildirib ki, Putin ölkəsinin Qərbə və Slovakiyaya qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib. “Ukrayna prezidentinin mövqeyini nəzərə alsaq, bu, 2025-ci il yanvarın 1-dən sonra praktiki olaraq mümkün deyil”, - deyə baş nazir əlavə edib.

Fitso əlavə edib ki, Putinlə uzun söhbətində onlar Ukraynadakı hərbi vəziyyət, müharibənin tezliklə sülh yolu ilə dayandırılmasının mümkünlüyü, eləcə də Slovakiya ilə Rusiya arasındakı münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, dekabrın 22-də məlum olub ki, Slovakiyanın baş naziri Robert Fico Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremldə olub. 

Fitso və Putin arasındakı danışıqlar mətbuata birgə açıqlamalar vermədən başa şatıb.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında qaz tranziti üzrə müqavilə 2025-ci il yanvarın 1-də başa çatır. Kiyev bəyan edib ki, müqaviləni yeniləməyi planlaşdırmır.

Zelenski bildirib ki, ölkəsi  Rusiya qazının Avropaya tranziti ilə bağlı “Qazprom”la müqaviləni yeniləmək fikrində deyil, eləcə də Azərbaycan qazı adı altında Rusiya qazının nəqlinə razılıq verməyəcək.

Xatirə SADİQ