Zelenskiyə məsləhət verən Pauel kimdir? – “The Times” aydınlıq gətirdi
ABŞ ilə danışıqlardan əvvəl Ukraynaya məsləhət verə bilən Conatan Pauel kimdir və o, hansı rolu oynayır?
SAVASHMEDİA.az xəbər verir ki, “The Times” bu suala cavab tapmağa çalışıb.
Qəzet yazıb ki, Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel Amerika tərəfi ilə təkrar mübahisənin qarşısını almaq üçün həftə sonu Ukrayna prezidenti Volodimir Zelenski ilə məsləhətləşmək üçün Kiyevə gedib.
“The Times” diqqətə çatdırıb ki, Pauel baş nazir Kir Starmerin Ukrayna ilə bağlı sülh razılaşmasına vasitəçilik etmək cəhdlərində əsas fiqurdur.
“68 yaşlı Pauell böyük diplomatik təcrübəyə malikdir: Britaniya Xarici İşlər Nazirliyində (XİN) diplomat kimi o, Honq-Konqun Çinə qaytarılması üçün danışıqlar, Sovet İttifaqı ilə silahlara nəzarət danışıqları və 1990-cı ildə Almaniyanın birləşmə sazişi üzərində işləmişdir. Daha sonra o, Böyük Britaniyanın baş naziri Toni Bleyerin aparat rəhbəri oldu və 11 sentyabr hücumlarından sonrakı dövr ərzində Dauninq-stritdə işlədi”.
Nəşr xatırladıb ki, həmin müddət ərzində Britaniya ABŞ-nin Əfqanıstan və İraqa hərbi müdaxiləsini dəstəklədi. Pauel isə Londonun Vaşinqtonun müttəfiqi – Amerika ilə Avropa arasında “körpü” kimi qalmasını təmin etmək üçün Bleyerin hər iki münaqişəyə ingilis qoşunlarını göndərmək strategiyasının əsas memarı hesab olundu.
Məlum olub ki, Starmer təqaüddə olan Paueli Dauninq-Stritə geri qaytarıb. Nəticədə diplomat ötən həftəni səfər etdiyi ABŞ, Fransa və Ukraynadakı həmkarları ilə danışıqlara sərf edib.
“Bu əməyin bəhrəsi – Ağ Evə təqdim ediləcək atəşkəs planı layihəsidir. Həmin layihə Səudiyyə Ərəbistanında müzakirə mövzusu olacaq”, - deyə qəzet yazıb.
Mənbələrdən biri isə deyib ki, Pauell strategiyaya rəhbərlik edir və ağır işin böyük hissəsini pərdə arxasında həyata keçirir.
Starmerin təyinatından əvvəl də Pauel Ukraynadakı müharibənin necə bitəcəyi ilə bağlı düşüncələrini cəmiyyətlə bölüşüb. Üç il əvvəl dərc olunan məqaləsində o, Putinin sonunda danışıqlara hazır olacağını proqnozlaşdırıb və belə bir razılaşmanın necə görünəcəyini açıqlayıb. Məlum olub ki, Pauel də bu gün Starmer kimi, Ukraynaya qarşı hər hansı bir sülh sazişinin sırına bilinməyəcəyini iddia edib. O, bu fikrini Ukraynanın döyüşü aparması və yalnız Kiyevin nə vaxt danışıqlar aparacağına və hansı güzəştlərə getməsinə qərar vermək hüququna malik olacağı ilə əsaslandırıb.
Pauel həmçinin qeyd edib ki, istənilən nizamlanma Rusiyanın yenidən işğaldan çəkindirilməsi məqsədilə beynəlxalq təhlükəsizlik təminatlarından asılı olmalıdır. Lakin o, xəbərdarlıq edib ki, Rusiya Ukraynanın qonşusu kimi mövcud olmağa və daha çox iri silahlı qüvvələrə malik olmağa davam edəcək.
“Möhkəm sülh yalnız o halda olar ki, Rusiyanı inciklik toplamağa, təcriddə qalmağa və növbəti həmlə imkanını gözləməsinə yol verməyək”, - deyə Pauel əlavə edib.
“Starmer ümid edir ki, Pauel qarşıdakı həftələrdə və aylarda bu qeyri-adi incə tarazlığı əldə etməyə kömək edəcək”, - deyə “The Times” yazır.
Xatirə SADİQ