Zurabişvili Aİ-dən fransız deputatlara şikayət etdi – “Reaksiyası zəif olub”

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komitəsində çıxış edib. 

Jan 30, 2025 - 10:27
Zurabişvili Aİ-dən fransız deputatlara şikayət etdi – “Reaksiyası zəif olub”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Zurabişvili bu tədbirə onlayn şəkildə Tbilisidən qatılıb.

O, fransalı deputatlara Gürcüstanda baş verən hadisələrlə bağlı fikirlərini belə təqdim edib: “Mən deyərdim ki, birinci çağırış, birinci məsələ demokratiyadır. Çünki bu gün biz birpartiyalı rejimlə toqquşuruq, parlament isə qeyri-legitimdir və fırıldaqçı seçkilər yolu ilə seçilib”.

Zurabişvili qeyd edib ki, Gürcüstanda bütün qurumlar bir partiyanın əlindədir və bu partiya bir nəfərin – bütün vacib qərarları özü verən İvanişvilinin əlindədir.

Gürcüstan və regionla bağlı Rusiyanın rolundan və maraqlarından danışarkən sabiq president bildirib ki, Moskva Gürcüstan, Moldova və Rumıniyaya qarşı hibrid strategiyası həyata keçirir. Onun sözlərinə görə, buna seçki müdaxiləsi, populizm, korrupsiya və təbliğat daxildir. 

Avropa İttifaqını (Aİ) sərt tənqid edən Zurabişvili deyib ki, Avropanın Gürcüstandakı hadisələrə reaksiyası kifayət qədər zəif olub, Avropanın özü və onun xarici siyasəti üçün problemə çevrilib.
 
O, əlavə edib ki, Aİ-dən daha aydın siyasət gözləyir və nəzərə çatdırıb ki, Aİ Şurası etirazlar zamanı saxlanılanların işi, o cümlədən jurnalist Mzia Amaqlobelinin işi ilə bağlı dəqiq mövqe bildirməyib.

Salome Zurabişvilinin çıxışından sonra müzakirələr aparılıb və Fransanın eks-prezidenti, hazırda Milli Assambleyanın üzvü Fransua Olland gürcü xalqına dəstəyini və həmrəyliyini ifadə edib.

“Mən təəssüf edirəm ki, Avropa Gürcüstanda baş verənlərə bu qədər yumşaq yanaşır”, - deyə Olland vurğulayıb. 

Xatirə SADİQ