1 “paytaxt” şəhərində. AĞDAM
İki nəfər rastlaşanda biri o birindən nə soruşur? Əlbəttə, 1-ci yerdə lənətə gəlmiş “Necəsən?” sualı durur. Sonrakı yerlərdə inamla “Hara gedirsən?” və “Haradan gəlirsən?”dir.
Evimin qonşuluğunda tanışımı görəndə “Buralarda səndən nə əcəb?” deyə təəccüblə xəbər aldım. Çünki kişi Bakının çox uzaq rayonunda yaşayır. O, “sirri” açdı:
– Diş həkiminin yanına gedirəm. Klinikaya. Məsləhət görülüb.
– Axı sənin öz həkimin var.
– Var idi. 20 il pasiyenti olmuşam. Əvvəllər də onda bəzi qəribəlik müşahidə etmişdim. Amma indi bu cəhət həddini aşıb.
Yeni il bayramında təbrik etmək üçün ona zəng vurdum. Söhbət əsnasında dedi ki, ailəsi ilə Ağdama köçmək istərdi. Bakıda iki mənzili olduğu halda. Düşündüm, ata yurdu özünə çəkir. Bu hissi əsla qınamaq olmaz. Həm də orada həkimə daha çox ehtiyac var. O isə dedi ki, Azərbaycanın paytaxtı Ağdama köçürüləcək.
Səbəbsiz köçürmə olmur. Hətta kiməsə 20 manat pul köçürəndə, bunun da səbəbi var. Bakıdan Ağdama sakin köçü aydın məsələdir. Bəs paytaxtın – Prezident administrasiyasının, Milli Məclisin, bütün nazirliklərin, on minlərlə işçinin, onların ailə üzvlərinin, daha kimlərin və nələrin köçürülməsi... Ağlıma sığışdıra bilmədiyimə görə, ondan soruşdum. Sən demə, Bakının strateji mövqeyi zəifdir: Rusiyaya və İrana yaxındır. Dedim ki, axı Ağdam Ermənistana yaxındır...
Nə isə. İndi onun qarşısında oturub ağzımı açmağa qorxuram.
Tanışım sözünü bitirəndə fikirləşdim ki, bəlkə də bu şayiəni köç məsələləri ilə məşğul olan xidmətlərdən buraxıblar. Ağdamlıları həvəsləndirməkdən ötrü. Axı köçüb gələnlərin böyük əksəriyyəti rayonuna qayıtmaq istəmir. Öz qocalarını göndərirlər ki, yayda istirahət üçün bağ evi (oxu: dağ evi) olsun.
Mən elə bir öncədən görən deyiləm və bilmirəm 10 min, min, hətta 100 ildən sonra nə və necə olacaq. Amma əminəm ki, yaxın 60 ildə Ağdam Azərbaycanın paytaxtı olmayacaq. Başqa sözlə, həmin başdanbəla həkimlə sərfəli mərcləşməyə hazıram.
A.ƏZİZ