Tramp ondan İsraili tanımağı tələb etdi – “The Washington Post”
ABŞ prezidenti Donald Tramp Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaraanı İbrahim (Avraam) sazişinə qoşulmağa və İsraillə münasibətləri normallaşdırmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post” və “Associated Press” yazıb.
Səudiyyə ərəbistanı hakimiyyətinin vasitəçiliyi ilə baş tutan görüş zamanı Tramp birbaşa Əş-Şaraanı İsraili tanımağa, bütün xarici terrorçuların Suriyanı tərk etmələrinə göstəriş verməyə, fələstinli terrorçuları deportasiya etməyə, İslam Dövlətinin bərqərar olmasının qarşısını almaqda ABŞ-yə kömək etməyə və Suriyanın şimal-şərqində İŞİD-in saxlanma mərkəzlərinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Suriyanın müvəqqəti prezidenti isə Amerika şirkətlərini Suriya neft və qazına sərmayə qoymağa dəvət edib. O, bildirib ki, ölkəsinin Şərqlə Qərb arasında ticarət bağı ola biləcəyinə ümid edir.
Qeyd edək ki, 2020-ci il İbrahim razılaşması İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında münasibətlərinin normallaşdırılmasına gətirib çıxarıb.
Suriya isə indiyədək İsraili dövlət kimi tanımayıb və İsrailin müstəqilliyi uğrunda müharibəsindən sonra iki ölkə arasında sülh sazişi imzalanmayıb.
Xatirə SADIQ