34 hərbi liderin toplaşması Vaşinqtona siqnaldır – “Reuters”

Amerikalı müttəfiqlərinin iştirakı olmadan Parisdə 34 hərbi liderin bir araya gəlməsi Amerika Birləşmiş Ştatları (ABŞ) üçün bir siqnal olub. 

Mar 12, 2025 - 11:33
34 hərbi liderin toplaşması Vaşinqtona siqnaldır – “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. 

Məlumata görə, ABŞ-nin yaxın müttəfiqləri olan 30-dan çox ordu rəhbəri prezident Donald Trampın gözlənilməzliyini və Moskva ilə yaxınlaşmasını nəzərə alaraq, Ukraynadakı müharibəyə görə daha çox məsuliyyət daşımağa çalışıb.

Agentlik hesab edir ki, NATO və Aİ ölkələri, həmçinin Yaponiya və Avstraliya daxil olmaqla, 34 ordu başçısının qapalı görüşü nadir və bəlkə də görünməmiş tədbir olub. Danışıqların məqsədi atəşkəs olacağı təqdirdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi variantlarını və imkanlarını, o cümlədən Avropa sülhməramlılarının yerləşdirilməsi və Ukraynaya uzunmüddətli dəstəyin qiymətləndirilməsi idi.

“Siyasi ismarıc ondan ibarətdir ki, biz bunu birlikdə və Birləşmiş Ştatlar olmadan  edə bilərik, lakin aydındır ki, bizim edə bilməyəcəyimiz şeylər var və Rusiya ilə problem ondan ibarətdir ki, bizə çəkindirici vasitə lazımdır”, - deyə avropalı diplomat “Reuters” agentliyinə bildirib.

Hərbi məmur bildirib ki, ABŞ tədbirə dəvət olunmayıb. Bu, Trampın müttəfiqlərdən uzaqlaşdığını nəzərə alaraq, Avropa və digər tərəfdaşların məsuliyyəti öz üzərinə götürə biləcəyini çatdırmaq məqsədilə edilib.

Məmurların sözlərinə görə, ABŞ-nin yeni administrasiyasının qeyri-müəyyənliyi ilə üzləşən Yaponiya və Avstraliya kimi ölkələrin tədbirdə iştirakı Vaşinqtonun ənənəvi müttəfiqləri arasında daha dərin məyusluğun olduğunu sübut edir. 

Xatirə SADİQ