ABŞ-də bu sikkənin zərbi dayandırılır - Trampın əmri
ABŞ prezidenti Donald Tramp dövlət xərclərini azaltmaq məqsədilə bir sentlik sikkələrin zərbinin dayandırılması barədə Maliyyə Nazirliyinə göstəriş verib.
SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.
“Həddindən artıq uzun müddətdir ki, Birləşmiş Ştatlar bizə, sözün əsl mənasında, 2 sentdən baha başa gələn sentlər buraxır. Bu, israfdır! Mən maliyyə nazirinə yeni bir sentlik sikkələrin buraxılmasının dayandırılmasını tapşırmışam. Gəlin, bir sent olsa da, qüdrətli ölkəmizin büdcəsini israfçılıqdan azad edək” - deyə amerikalı prezident “Truth Sosial” şəbəkəsində yazıb.
Bundan öncə ABŞ-nin Zərbxana sarayı bildirirdi ki, 30 sentyabrda başa çatan 2024-cü maliyyə ilində təxminən 3,2 milyard bir sentlik sikkənin zərb edilməsi 85,3 milyon dollar itki ilə nəticələnib. Hər belə sikkənin buraxılışı 3,7 sentə başa gəlir. 5 sent nominalında sikkələrin zərb edilməsi də sərfəli deyil, çünki hərəsi, demək olar ki, 14 sentə başa gəlir.
“Amerikanın səsi” qeyd edir ki, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivleyi Departamenti (DOGE) yanvar ayında “X” sosial şəbəkəsində bir sentlik sikkənin istehsalının xərclərinə diqqəti yönəltmişdi.
ABŞ-də bir sentlik sikkələrin istehsalının məqsədəuyğunluğu barədə mübahisələr uzun müddətdir davam edir. Əvvəllər bu sikkədən imtina etmək üçün qanun layihələri bir neçə dəfə Konqresə təqdim edilib, lakin onlar qəbul olunmayıb. Onların istehsalını dayandırmağın tərəfdarları bunun xərcləri azaltacağını və pərakəndə satış məntəqələrində ödənişləri sürətləndirəcəyini iddia edirlər.
Xatırladaq ki, bu, Birləşmiş Ştatların ən kiçik sikkəsindən imtina etdiyi ilk hal deyil. 1857-ci ildə Konqres yarım sentlik sikkənin dayandırılmasına səs vermişdi.
Xatirə SADİQ