ABŞ-də transgender konqresmen oldu
Transgenderliyini gizlətməyən Sara Makbrayd ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” və “New York Times” nəşrləri məlumat yayıb.
İlk transgender şəxs kimi konqresə daxil olan Sara Makbrayd Delaver ştatından seçkilərdə qalib gəlib. Demokrat transgenderin rəqibi respublikaçı III Con Veylen olub. Səsvermənin 90 faizinin hesablanmasından sonra məlum olub ki, Makbrayd 58%, Veylen 42% səs toplayıb.
Onun qələbəsi Amerika siyasətində transgender icmasının mühüm nailiyyəti kimi qiymətləndirilib.
Qeyd edək ki, Makbrayd bərabərlik, transgenderlərin hüquqlarının qorunması və ayrı-seçkiliklə mübarizə üzrə qanunvericilik təşəbbüslərini fəal şəkildə dəstəkləyir. O, LGBTQ+ icması üçün bərabərlik məsələləri üzərində çalışmaqla insan hüquqları uğrunda milli kampaniyasındakı işi ilə məşhurlaşıb. 2016-cı ildə Demokrat Partiyasının qurultayında çıxış edən ilk açıq transgender şəxs olub.
Xatırladaq ki, 84 yaşlı ermənipərəst Nensi Pilosi Kaliforniya ştatından Nümayəndələr Palatasına seçilib. Lakin, görünür, onun yenidən spiker vəzifəsinə seçilməsi qeyri-mümkün olacaq. Çünki respublikaçı, ABŞ Konqresinin aşağı palatasının hazırkı spikeri Mayk Conson Luiziana ştatındakı seçicilərin əksəriyyətinin səsini alaraq qalib gəlib.
Ukraynanın kütləvi informasiya vasitələri isə böyük sevinclə ukraynaəsilli amerikalı Viktoriya Sparts konqresə seçkilərdəki qələbəsindən yazırlar. O, İndiana ştatından ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib.
Təəssüf ki, bunu ABŞ-də yaşayan azərbaycanəsilli amerikalılar haqqında deyə bilməyəcəyik.
Xatirə SADİQ