ABŞ Konqresində transgenderlərə qadağa qoyuldu

ABŞ Konqresinin binalarında doğumda təyin olunan cinsinə uyğun gəlməyən tualetlərə transgenderlər buraxılmayacaq.

Nov 21, 2024 - 11:56
ABŞ Konqresində transgenderlərə qadağa qoyuldu

SAVASHMEDİA.az “The Washington Post”a istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

Maraqlıdır ki, spiker bu qayda dəyişikliyini Delaver ştatından demokrat Sara Makbraydın  Konqresə seçilən ilk açıq transgender şəxs olduqdan iki həftə sonra elan edib.

“Kapitolinin və Palatabıb ofis binalarında bütün tək cinsli obyektlər, məsələn, tualet və paltardəyişmə otaqları həmin bioloji cinsin fərdləri üçün nəzərdə tutulub. Qeyd etmək vacibdir ki, Konqresin hər bir üzvünün ofisinin öz şəxsi tualeti var və Kapitolidə uniseks tualetləri mövcuddur. Qadınlar yalnız qadınlara məxsus məkanlara layiqdirlər”, - deyə spiker vurğulayıb.

Nəşr yazır ki, bu həftə respublikaçı konqresmen Nensi Meys Kapitolidəki qadın tualetlərinə transgender qadınların girişini qadağan edən qətnamə təqdim edib. Qətnamədə Makbraydın adı çəkilməsə də, Meys deyib ki, “bu, 100 faiz Makbrayda görədir”. 

Meys qaydaların dəyişdirilməsinə görə “X” platformasında spiker Consona minnətdarlığını ifadə edib: “Bu mübarizə hələ bitməyib. Biz HƏR federal binada, məktəbdə, ictimai tualetdə, hər yerdə kişilərin ictimai qadın tualetlərinə girməsini qadağan etmək istəyirik”. 

Transgender konqresmen Sara Makbrayd isə öz bəyanatında bildirib ki, Konqresə  tualetlər barədə mübahisə etmək üçün gəlməyib. 

Xatirə SADİQ