Bayden Ukraynanı gücləndirməyə çalışır

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün 725 milyon dollarlıq silah paketi hazırlayır. 

Nov 28, 2024 - 11:50
Bayden Ukraynanı gücləndirməyə çalışır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

Bununla da vəzifəsindən getməkdə olan prezident yanvarda hakimiyyətin təhvil verilməsi ərəfəsində Kiyevdə hökuməti gücləndirməyə çalışır.

Planla tanış olan mənbənin sözlərinə görə, Bayden administrasiyası Rusiyanın irəliləməsinin qarşısını almaq üçün ABŞ ehtiyatından müxtəlif tank əleyhinə silahlar, o cümlədən piyada əleyhinə minalar, pilotsuz təyyarələr, daşınan “Stinger” zenit-raket köpmpleksləri, eləcə də yüksək mobil artilleriya raket sistemləri (HIMARS) göndərmək niyyətindədir.

“Reuters”in məlumatına görə, paketə kaset sursatlarının da daxil olacağı gözlənilir.

Məmurlardan birinin sözlərinə görə, yeni silah paketi ilə bağlı rəsmi bildiriş ABŞ Konqresinə bazar ertəsi daxil ola bilər. 

Paketin məzmunu və həcmi yaxın günlərdə Baydenin gözlənilən imzalanmasından əvvəl dəyişə bilər.

Bu paket “Presidential Drawdown Authority” (PDA) üzrə son tədarüklərin həcmini əhəmiyyətli şəkildə artırır. PDA fövqəladə vəziyyətdə ABŞ-yə öz müttəfiqlərinə kömək etmək üçün mövcud ehtiyatlardan silahları çıxarmağa imkan verir. 

PDA-nın bu yaxınlardakı elanları adətən 125 milyon dollardan 250 milyon dollara qədər dəyişir. Baydenin Konqres tərəfindən artıq təsdiqlənmiş PDA çərçivəsində 4 – 5 milyard dollar malik olduğu təxmin edilir. ABŞ prezidentinin bu vəsaitdən öz xələfinin yanvarın 20-də vəzifəyə başlamasından əvvəl istifadə edəcəyi gözlənilir.

Xatirə SADİQ