ABŞ konsulluqları bağlana bilər - Tramp qənaət rejiminə keçir
Tramp administrasiyası Dövlət Departamentində xərcləri azaltmaq məqsədilə bütün dünyada bir sıra Amerika konsulluqlarını və diplomatik nümayəndəliklərini bağlamaq imkanını nəzərdən keçirir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NBC News” telekanalına administrasiyanın üç məmuru bildirib.
Mənbələrin sözlərinə görə, bağlana biləcək konsulluqlar arasında Avropa, Kanada, Meksika və Sakit okean adalarında olan missiyalar da var.
Trampın konsulluqların siyahısını nəzərdən keçirdiyini vurğulayan mənbələr qeyd ediblər ki, hələlik yekun qərarın verilməyib və konsulluqların bağlanma vaxtı hələ müəyyənləşdirilməyib.
Mənbələr nəzərə çatdırıblar ki, Avropada bağlana biləcək konsulluqların əksəriyyəti Almaniya və Fransadadır. Dövlət Departamenti konsulluqlardan ümumi fəaliyyətləri haqqında məlumat istəyib.
Bəzi konsulluqlar Dövlət Departamentinin rəsmiləri tərəfindən nəzarət altındadır və onlardan Trampın “Öncə Amerika” gündəliyinə müvafiq olub-olmadıqlarını qiymətləndirmək istənilib.
Tramp fevralın 10-da Pentaqonun büdcəsindən milyardlarla dolların azaldılmasına nail olacağını bildirib. Ertəsi gün isə Ədliyyə Nazirliyinə antikorrupsiya qanunun icrasının dayandırdırılması göstərişini verib. Bu qanun amerikalıların müqavilələr bağlamaq üçün xarici məmurlara rüşvət verməsini qadağan edir.
Xatirə SADİQ