Andrey Sibiqadan macar həmkarına sərt cavab - “Göstəriş verə bilməzsən”
Ukrayna və Macarıstan arasında diplomatik münasibətlər “Drujba” neft kəməri ətrafındakı vəziyyətlə bağlı gərginləşib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa macar həmkarı Peter Siyartoya X sosial şəbəkəsində cavab verib.
Məsələ ondadır ki, avqustun 24-də Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinə zərbələr və Macarıstanın Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı mövqeyi arasında əlaqəyə eyham vurduqdan sonra onu “Macarıstanı təhdid etməyi dayandırmağa” çağırıb.
Sibiqa həmkarını ədəb-ərkana dəvət edib. “Mən macar dilində cavab verəcəyəm. Ukrayna prezidentinə nə edəcəyinə, nə deyəcəyinə və nə vaxt deyəcəyinə göstəriş vermək lazım deyil. O, Macarıstanın yox, Ukraynanın prezidentidir. Macarıstanın enerji təhlükəsizliyi sizin öz əlinizdədir. Diversifikasiya edin və bütün Avropa kimi Rusiyadan müstəqil olun”, - deyə Sibiqa vurğulayıb.
Xatırladaq ki, Zelenski avqustun 21-də amerikalı həmkarı Donald Trampdan Macarıstanın baş naziri Viktor Orbana təsir göstərməsini xahiş etdiyini bildirib. O, bunu Orbanın Ukraynanın Aİ-yə daxil olmasına əngəl törətməsi ilə izah edib.
Macarıstanın baş naziri Viktor Orban isə Ukraynanın “Drujba” neft kəmərinə hücumu ilə bağlı ABŞ prezidenti Donald Trampa şikayət məktubu yazıb. Tramp isə onun məktubuna “Slovakiyaya deyin ki, siz mənim dostumsunuz” dərkənarını qoyub.
Slovakiya və Macarıstanın xarici işlər nazirləri “Drujba” neft kəmərinə hücumlarla bağlı Avropa Komissiyasına şikayət ediblər.
Xatirə SADİQ