ABŞ prezidenti avropalı müttəfiqlərinə təzyiq göstərəcək
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın müdafiə xərclərini artırmaq üçün NATO-nun avropalı üzvlərinə təzyiq göstərəcəyi gözlənilir.
SAVASHMEDİA.az “Spiegel”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Rutte xatırladıb ki, hələ ilk prezidentlik dövründə Tramp dəfələrlə NATO-nun Avropadakı müttəfiqlərinin müdafiəyə kifayət qədər sərmayə qoymadığını bəyan edirdi. Onun sözlərinə görə, indi Tramp avropalıların bu sahədə daha çox addım atmasını istəyəcək.
NATO baş katibi qeyd edib ki, ümumilikdə avropalı müttəfiqlər indi ümumdaxili məhsullarının 2%-dən çoxunu müdafiəyə yatırırlar. Amma 4-5 ildən sonra daha çox xərcləməsələr, Rusiyanı cilovlamaqda problemləri yaranacaq.
Bununla belə baş katib NATO-nun müdafiə xərclərinin məqsədyönlü göstəricisinin ÜDM-in 3 faizinə qədər və ya daha çox artırmağın lazım olduğunu hesab etdiyini söyləməyib.
Bu məsələ ilə bağlı qərarın gələn ilin iyununda keçiriləcək NATO sammitinə qədər qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, seçkiqabağı kampaniyası dövründə Tramp NATO-nun hədəfinin ÜDM-in 3%-ə çatdırılması lazım olduğuna inandığını bildirib. Bu yaxınlarda Trampın hətta 5% tələb edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Xatirə SADİQ