“ABŞ Rusiyaya qarşı sanksiyaları ikiqat artırmağa hazırdır” – Trampın xüsusi nümayəndəsi
ABŞ prezidenti Donald Tramp Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün Rusiyaya qarşı sanksiyaları ikiqat artırmağa hazırdır.
SAVASHMEDİA.az “The New York Post” nəşrinə istinadən xəbər verir ki, bunu amerikalı prezidentin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “The Post” nəşrinə müsahibəsidə bildirib.
Kelloqun sözlərinə görə, hazırda Rusiyaya qarşı sanksiyalar iqtisadi təzyiqin ağrılı olması baxımından 10 ballıq şkala üzrə təxminən 3 baldır.
Xüsusi nümayəndə hesab edir ki, ABŞ-nin sanksiyalarının özü, məsələn, Rusiyanın gəlirli enerji sektorunu hədəf alanlar, formal olaraq iki dəfə yüksəkdir, lakin onları gücləndirmək üçün hələ də yer var.
“Həqiqətən də sanksiyaları gücləndirmək mümkündür – xüsusilə də son sanksiyaları (neft hasilatı və ixracına qarşı - red.). Bu, nələrisə etmək üçün geniş imkanlar açır. Və kim təsir rıçaqlarını başa düşürsə, bu, prezident Donald Trampdır və siz bunu onun son vaxtlar etdiyi işlərdə (digər xarici məsələlərin həllində - red.) görə bilərsiniz".
Kelloq danışıb ki, Tramp ötən cümə axşamı Oval kabinetdə milli təhlükəsizlik məsələləri ilə məşğul olan məsləhətçilərdən və Nazirlər Kabineti üzvlərindən ibarət bütün təsdiqlənmiş komandasını toplayıb. Həmin toplantıda komanda müharibəni bitirmək üçün milli hakimiyyətin bütün elementlərindən necə istifadə ediləcəyini müzakirə edib.
“Rusiya-Ukrayna müharibəsinin həlli bütün administrasiyanın işidir, yəni bu, ümumhökumət yanaşmasıdır. Bu məsələni müzakirə edən milli təhlükəsizlik komandamız – prezident, vitse-prezident, milli təhlükəsizlik müşaviri, dövlət katibləri, xəzinədarlıq, Milli Təhlükəsizlik Şurası var, hamısı birlikdə işləyir”, - deyə Kelloq vurğulayıb.
Xüsusi nümayəndə qeyd edib ki, Ukrayna danışıqlara başlamaqdan əvvəl Rusiyaya hərbi təzyiqi davam etdirməli olacaq.
Kelloq keçmiş prezident Co Baydenin strategiyasını tənqid edib. Onun fikrincə, Bayden administrasiyası Ukraynaya milli hökumətin digər elementlərinə təzyiqləri artırmadan “lazım olduğu qədər yardım” göstərəcəyini vəd edib.
“Bu, strategiya deyil, bamper stikeridir”, - deyə Kelloq əlavə edib.
Trampın fərqli davrandığına əmin edən Kelloq söyləyib ki, prezident diqqətini amansız döyüşlərə son qoymaq üçün tam yanaşma üzərində cəmləyib.
Kelloq danışıb ki, ABŞ prezidenti bu həftə Ukrayna ilə onun faydalı qazıntıları müqabilində silah satışı ilə bağlı razılaşmanın mümkünlüyünü müzakirə etsə də, o, hələ də əvvəlcə qətlləri dayandırmaq, sonra gələcək danışıqlar mövzusunda irəli getmək istəyir.
“Düşünürəm ki, bizim bəzi imkanlarımız var və xoşbəxtlikdən mən əsas sazişlər üzərində işləyirəm. O (Tramp - red.) “Saziş bağlamaq sənəti” kitabını yazıb. Onun fikrinə etinasız qalmazdım”, - deyə Kelloq diqqətə çatdırıb.
Kelloq hesab edir ki, Rusiya öz qoşunlarının böyük itkilərinin qarşısının alınmasında maraqlı deyil, ona görə də sülh nizamlanmasının incəliklərini müzakirə etməyə başlamaqdan əvvəl zorakılığı dayandırmaq vacibdir.
“Rusiya üçün bu, bir növ onların hərbi əməliyyatlardakı DNT-lərinə bənzəyir – mahiyyət etibarı ilə siz tükənənədək döyüşürsünüz. Tarixə baxsanız, siz heç vaxt tükənənədək ruslarla döyüşə girmək istəməzsiniz, çünki onlar belə vuruşurlar. Onlar buna öyrəşiblər. Mən nəzərdə tuturam ki, bu, itkiyə hazır ölkədir – və itirib də – altı ay ərzində Stalinqrad döyüşündə 700.000-ni itirdi, onlar hətta gözlərinidə qırpmadılar”, - deyə Kelloq xatırladıb.
O, nəzərə çatdırıb ki, məhz buna görə Rusiyaya təzyiq təkcə hərbi xarakter daşıya bilməz, proseslərin lazımı yerə getməsindən əmin olmaq üçün iqtisadi, diplomatik, müəyyən hərbi təzyiqlər göstərilməli və digər rıçaqlar tətbiq olunmalıdır.
Bununla belə, Kelloq bir daha təkrarlayıb ki, müharibə Rusiya ilə Ukrayna arasında danışıqlar olmadan bitməyəcək.
Xatirə SADİQ