Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edildi – Trampın sərəncamı

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edib.

Feb 7, 2025 - 11:37
Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edildi – Trampın sərəncamı

SAVASHMEDİA.az bu barədə “BBC”-yə istinadən xəbər verir. 

Amerikalı prezident bu addımını ICC-nin ABŞ və İsrailə qarşı qərəzli hərəkətləri ilə izah edib. Sərəncamın İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona rəsmi səfəri zamanı imzalandığı bildirilir.
 
Sənəd ABŞ vətəndaşları və ya ABŞ müttəfiqləri ilə bağlı BCM-də araşdırmaya kömək edən şəxslərə və onların ailə üzvlərinə qarşı maliyyə və viza sanksiyalarının tətbiqini nəzərdə tutur. 

Sərəncamda deyilir ki, ICC-nin hərəkətləri təhlükəli presedent yaradıb, bu, Amerika vətəndaşlarını və hərbi personalını xaricdə təqib və həbsə məruz qoya bilər. 

“Bu [ICC-nin] bədxah davranışı Birləşmiş Ştatların suverenliyini pozmaqla hədələyir və çox vacib olan milli təhlükəsizliyə xələl gətirir”, - deyə Trampın sərəncamında deyilir. 

Birləşmiş Ştatlar ICC-nin yurisdiksiyasını heç vaxt tanımayıb və Roma Statutunun iştirakçısı deyil. Vaşinqtonun mövqeyinə görə, Amerika hərbçiləri və rəsmiləri beynəlxalq qurumlar tərəfindən istintaqa məruz qalmamalıdır.

Tramp ilk prezidentliyi dövründə dəfələrlə ICC-ni tənqid edib. Həmin müddət dövründə o, Əfqanıstanda ABŞ-nin hərbi cinayətlərini araşdıran məhkəmə rəsmilərinə qarşı sanksiyalar da tətbiq etmişdi. Bu sanksiyalar Co Bayden administrasiyası tərəfindən ləğv edilib.

Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildə Yuqoslaviyanın süqutundan və Ruandadakı soyqırımdan sonra insanlığa qarşı cinayətləri, müharibə cinayətlərini və soyqırımları araşdırmaq üçün yaradılıb. 120-dən çox ölkə Roma Statutunu ratifikasiya edib, lakin ABŞ və İsrail onların arasında deyil.

İCC son instansiya məhkəməsidir və yalnız milli hakimiyyət orqanları cinayətkarları təqib etmək iqtidarında olmadıqda və ya istəmədikdə müdaxilə etməlidir.

Xatirə SADİQ