“ABŞ sülh naminə istənilən mexanizmə açıqdır” – Marko Rubio

“Birləşmiş Ştatlar Ukraynada sülhə nail olmaq üçün faktiki olaraq istənilən mexanizmə açıqdır”.

May 15, 2025 - 13:43
“ABŞ sülh naminə istənilən mexanizmə açıqdır” – Marko Rubio

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Antalyada NATO nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio qeyd edib ki, bu günlərdə əsas diqqət Ukraynada sülh yolu ilə nizamlanmaya dair baş verənlərə yönəlib.

“Baxaq görək, qarşıdakı yaxın günlərdə bu planda nə baş verəcək. Lakin biz bu istiqamətdə irəliləyiş görmək istəyirik və təklif olunacaq istənilən mexanizm, həyata keçiriləcək istənilən proses – biz konstruktiv olmağa və münaqişənin sona çatması üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

O, əlavə edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həlli mövcud deyil.

“Bu müharibə hərbi yox, diplomatik yolla başa çatacaq. Və müharibəni bitirmək üçün nə qədər tez razılaşma əldə olunarsa, bir o qədər az insan öləcək və bir o qədər  az dağıntı olacaq. Və bu, son nəticədə prezidentin (Trampın) məqsədidir”, - deyə Rubio diqqətə çatdırıb.

Xatirə SADIQ