Parlament sədri Stalinin xatirəsinin əbədiləşdirilməsinə çağırıb - Rusiyada

Dumanın yaz-yay sessiyasının iyulun 23-də keçirilən sonuncu iclasında Dövlət Dumasının sədri Vyaçeslav Volodin bir daha sovet diktatoru İosif Stalinin xatirəsinin əbədiləşdirilməsinə çağırıb.

Jul 23, 2025 - 16:50
Parlament sədri Stalinin xatirəsinin əbədiləşdirilməsinə çağırıb - Rusiyada

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.

Volodin bu çağırışını sovet xalqının II Dünya müharibəsində qələbəyə əsas töhfə verməsi ilə izah edib. “Ali baş komandan kimi o, Böyük Vətən Müharibəsində qələbə üçün hər şeyi edib. Bu, doğrudur. Böyük işlər uzaqdan görünür. Düşünürəm ki, siz bununla razılaşacaqsınız”, - deyə Stalin haqqında danışarkən spiker xüsusilə qeyd edib.

Volodin xatırladıb ki, II Dünya müharibəsindən sonra “Avropa şəhərlərində bir çox küçə, bulvar, metro stansiyaları Stalinin və Stalinqradın adını daşıyırdı”, lakin son vaxtlar Avropada “faşizmi məğlub edənlərin xidmətləri aşağı salınır”. 

O, buna nümunə olaraq Fransada Stalinqrad bulvarının adının dəyişdirilməsini göstərib. Volodinmin fikrincə, communist partiyasının XX qurultayının qərarı opponentlərin onlara münasibətinin tonunu müəyyən edir: “Qələbəni təmin edən qəhrəmanların, komandirlərin, dövlət rəhbərlərinin adlarının qorunub əbədiləşdirilməsi üçün hər şeyi etməliyik”.

Volodin Stalinin adının bu dəfə necə əbədiləşdirilməsi lazım olduğunu birbaşa deməsə də, bu mövzuda əvvəlki çıxışında Volqoqradın yenidən Stalinqrad adlandırılmasını istisna etməyib.

Volodin əvvəllər Volqoqradın adının yenidən Stalinqrad olaraq dəyişdirilməsinin mümkünlüyünə eyham vurmuşdu, lakin qeyd etmişdi ki, buna Sov.İKP-nin XX qurultayının şəxsiyyətə pərəstişi pisləyən qərarları mane olur. Bu dəfə o, Rusiya Kommunist Partiyasının XX qurultayın qərarlarını rəsmən pislədiyini tərifləyib.

Xatırladaq ki, iyulun 5-də özünü Sov.İKP-nin varisi hesab edən Rusiya Kommunist Partiyası XX qurultayda Nikita Xruşşovun Stalinin şəxsiyyətinə pərəstiş haqqında məruzəsini səhv hesab edən qətnamə qəbul edib. 

Maraqlıdır ki, bu partiya sovet xalqı “adlandırılan” müxtəlif millətlərə qarşı Stalin tərəfindən törədilmiş cinayətlərə şərik çıxmaqdan imtina edir. 

Xatirə SADİQ