“Sazişdə NATO məsələsi yoxdur” – Ukrayna prezidenti

“ABŞ ilə faydalı qazıntılar üzrə sazişdə NATO məsələsi yoxdur və heç vaxt da olmayıb”.

Apr 2, 2025 - 11:46
“Sazişdə NATO məsələsi yoxdur” – Ukrayna prezidenti

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident Volodimir Zelenski bunu Kiyevdə Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə keçirilmiş birgə mətbuat konfransında deyib.

“Bu sazişə və NATO məsələsinə gəlincə, NATO məsələsi bu sazişdə yoxdur və olmayıb”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bildirib ki, hazırda hər iki tərəfin vəkilləri yeni saziş layihəsi üzərində işləyirlər.

CNN-in xəbərinə görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna tərəfi guya faydalı qazıntılar üzrə sazişin imzalanması müqabilində NATO üzvlüyünü tələb edir.

Tramp jurnalistlərlə söhbətində demişdi ki, Zelenski ABŞ ilə mineral sövdələşmədən imtina edərsə, “böyük, böyük problemlərlə” üzləşəcək: “Biz nadir torpaqlar üzrə sazişlə bağlı razılığa gəldik. İndi o deyir ki, bilirsiniz, mən müqaviləni yenidən müzakirə etmək istəyirəm. O, NATO-nun üzvü olmaq istəyir. Amma o, heç vaxt NATO-nun üzvü olmayacaq, o, bunu anlayır. Sazişə yenidən baxmaq istəsə, böyük bəlaya düçar olacaq”.

Xatirə SADİQ