“YouTube” və SƏN
“YouTube” – internet video platforması və sosial şəbəkəsidir. 2005-ci ildə yaradılıb. Bir ildən sonra “Google”un tərkibinə daxil olub.
Hazırda “YouTube” çox populyar videohostinqə çevirib. Daxil olanların sayına görə dünyada ikinci saytdır. 2024-cü ilin yanvarına olan məlumatda bildirilir ki, “YouTube”da qeydiyyatdan keçən istifadəçilər 2,7 milyard nəfərdir. Sayta hər gün 122 milyon insan daxil olur. Onlar saytda orta hesabla 19 dəqiqə vaxt keçirirlər.
“YouTube”un geniş auditoriyası var. Bu platformada istənilən mövzuda hər cür video taparsan - əyləncəli, elmi-populyar, xəbərlər. Məsələn, Britaniyanın kral ailəsinin həyatından yeniliklərlə tanış ola, fillər haqqında sənədli filmə tamaşa edə bilərsən.
Kim istəsə, özü üçün “YouTube” kanalı açar, video dərc edər – bu, pulsuzdur. Lakin kanalı idarə etmək mürəkkəb işdir. Video istehsalı, bir qayda olaraq, mətn hazırlamaqdan texniki cəhətdən daha çətindir və daha artıq vaxt, həmçinin maliyyə tələb edir.
“YouTube” sənin sifarişinlə videonu axtarışa verir, tapır və platformaya yükləyir. Müəyyən müddət keçdikdən sonra saytın alqoritmi istifadəçinin maraq dairəsini müəyyənləşdirir və ona müvafiq ruhda videorolikləri təqdim edir. Onların arasında istifadəçinin abunə olduğu kanalların yeni videolarına, əvvəllər axtarılmış mövzular üzrə roliklərə də rast gəlirsən. Ekranın sol tərəfindəki menyuda sənə müxtəlif mövzularda populyar videolar açılır. Məsələn, “Kino” və “Musiqi”. Bunlar təzə yerləşdirilib və başqa istifadəçilər tərəfindən tez-tez baxılır.
Platformanın bütün funksiyalarına əlin çatsın deyə, sənə mütləq profil lazımdır. “YouTube” “Google” şirkətinə məxsus olduğuna görə, qeydiyyatdan ötrü məhz “Google” akkauntu tələb olunur. Əgər yoxundursa, “Google” özü onu sənin üçün yaradır.
“YouTube”un istifadəçisi olan kimi, istədiyin video kanallarına abunə yazıla, baxdığın rolikləri qiymətləndirə bilərsən. Bəyəndiyin halda “layk” işarəsini, xoşuna gəlməyənə “dislayk” qoyursan. Alqoritm “layk”ları nəzərə alaraq daha populyar rolikləri daha çox adamın nəzərinə çatdırır. 2021-ci ildə təəssüf doğuran hadisə baş verdi. “YouTube” “dislayk” sayğacını auditoriyadan gizlətdi. Onu bəhanə gətirdi ki, guya bununla trolların hücumlarının qarşısını alır. Amma trollar elə həyasız şeydirlər ki, kütləvi surətdə “layk” hücumuna keçib, onlara lazım olan roliki irəli çəkə bilərlər. “YouTube” bunu anlamaq istəmir, sən isə bilmək istəyirsən ki, həmfikirlərinin sayı nə qədərdir. Söz düşmüşkən, trolların beynəlxalq birlikləri mövcuddur. Öz aralarında danışaraq, onlar müəyyən məbləğdə pul müqabilində kiminsə rolikini çox sayda baxış və “layk”la təmin edirlər. Kiməsə yalan şöhrət, başqasına real pul gəlir.
“YouTube”da qısa və uzun videolar, mətn, sorğu, birbaşa efir yerləşdirə bilərsən. Videoroliklərdən başqa qısa, hərəsi 60 saniyəyə qədər çəkən “Short”lar da var.
Alqoritm sistemi maksimum dərəcədə fərdiləşdirilib. Sənin diqqətinə təqdim olunan videoların 70 faizi nümayiş etdirdiyin maraq əsasında seçilir. O deməkdir ki, əgər hansısa mövzuda roliklərə tez-tez və axıradək baxır, “layk” qoyur, şərh yazırsansa, alqoritm “sənin xətrinə” eyni məzmunlu, xarakterli video taparaq qarşına çıxaracaq. Məsələn, axtarışda “Azərbaycanın təbiət qoruqları” sözlərini yazsan, həmin mövzuda əksər sənədli filmlər, televiziya verilişləri, süjetlər, müsahibələr sənə təqdim olunacaq. Lakin axtarış bununla dayandırılmır və növbəti saatlarda, günlərdə alqoritm hələ sənə işləyəcək.
Sən “YouTube”da öz bloqunu aparırsan. İşinin səmərəliliyini artırmaq istəyirsənsə, kontentinin tamaşaçıları hansı dərəcədə cəlb etdiyinə diqqət yetir. “YouTube” məhz belə edir: roliki istifadəçilərin kiçik dəstəsinə göndərir. Əgər tamaşaçılar videoya çox vaxt axıradək baxır, “layk” qoyur, hətta yaddaşda saxlayırlarsa, alqoritm həmin videonu maraqlı sayır və getdikcə daha çox insana məsləhət görür. Uğur qazanmaqdan ötrü iki amilə də – geolokasiyaya və dilə diqqət yetir. Azərbaycan təbiəti haqqında azərbaycanca danışacaqsansa, Çin ərazisində populyar olacağına ümid bəsləmə. Odur ki, “YouTube” sənin videonu həmin coğrafi ərazidə təqdim etməyəcək. Ekspertlərin fikrincə, auditoriyanı cəlb etməkdən ötrü ən yaxşı roliklər – heyvanlarla əyləncəli, gülməli əhvalatlar, satışa çıxarılan malların xülasəsi, makiyaj, bişinti, təmir süjetləri, parodiya və təhsil ilə əlaqədar videolardır.
Video və bloqlardan gəlir də əldə edə bilərsən. Necə deyərlər, “YouTube” bərəkət versin!”. Bərəkəti paylayanda isə “YouTube” reklam göstəricisini, istifadəçi baxışlarının sayını, “Premium” abunəli istifadəçilərin baxışlarını, daxil olan donatları, reklam inteqrasiyasını nəzərə alır.
Reklama hər baxışa görə kanal sahibinə mükafat hesablanır. Videoya, bloqa nə qədər çox baxan olarsa, deməli reklamı da o qədər çox adam görür. Pul hesablama, gəlir rejimini işə salmaqdan ötrü abunəçilərin sayı 1000 nəfərdən az olmamalıdır. Həmçinin, baxan “Premium” abunəçilərindən ayrıca gəlir əldə edilir.
Əksər roliklərin çəkilişi üçün kiçik texnika dəstinə, qabaqcadan hazırlanmış ssenariyə və kompyuterdə montaj proqramına malik olmalısan. Al və haydı, irəli!
A.ƏZİZ