Acı həqiqətlər - 2

Qonşuluqda qoca kişi yaşayır. Tək.

Jun 21, 2025 - 13:05
Acı həqiqətlər - 2

Əgər şüurunda özünü sürü canlısı kimi dərk edənləri saymasaq, hər kəs daxilindəki “soğan qatlarından” birində təkdir, tənhadır, yalquzaqdır, azmış quzudur, xəzan vaxtı budaqdan qopmuş yarpaqdır...

Bu kişi isə əvvəldən tək olub. Valideyninin tək övladı, məktəbə komissiya gələndə müəllimlərin tək ümid yeri. Qanlı yanvar günlərində şəhidlər xiyabanında faciədən başını itirmiş adamları ətrafına toplayıb DTK, milis, rus əsgəri tanımadan saatlarla tək çıxış etmiş insan. Bunları bilməzdim, evimə gəlmiş qonağım onu pəncərədən görüb tanımasaydı, mənə danışmasaydı.

Qonşum Lətif zarafatcıl olsa da, öz “Lətifə”si olmayıb: heç vaxt evlənməyib, övlad görməyib, əzizləməyib, öpməyib.

Yaşını bilmirəm, soruşmamışam. Amma həmişə nikbin, mərd, üzügülərdir. Düzdür, yorğun görünür. Zarafat deyil, həyat kitabını gözləri ilə vərəqləyib.

Bir dəfə onu yoldakı ağaca söykənmiş gördüm. Narahatlıqla soruşdum:

– Lətif müəllim, özünüzü necə hiss edirsiniz?

– Gözəl və xoşbəxt. Yadımdan bir şey çıxıb. Söykənib fikirləşirəm ki, geriyə qayıdım, ya sabaha qalsın.

Nədənsə sonra düşündüm ki, məni aldatdı, nigaran qoymaq istəmədi.

Dünən mənzilinin astanasında idi. Sayğacı yoxlayırdı. Məni içəriyə dəvət etdi. İlk dəfə evində oldum. Eyvana apardı. Mənim tərəfimdən görünməyən mənzərəni göstərdi. Bu kişi hər şeyi necə də incəliyi ilə düşünür!

Hamam otağının yanından keçərkən, yerdə telefon gördüm. İcazə istədim, qaldırıb yiyəsinə verdim. Təəccüblə dolu baxışlarımı oxudu. Çaya qonaq etdi. Əyləşdikdə, demək istəmədiyi söhbətə çəkinə-çəkinə başladı:

– Bilirsən ki, tək yaşayıram. Başqalarının əzizləri qonşu otaqda, şəhərin o biri rayonunda, digər şəhərdə, kənddə, ölkədə, hətta okeanın o tayındadır. Mənim əzizim lap uzaqdadır – o dünyada.

Keçən ay çiməndə ayağım sürüşdü. Yıxıldım. Düz üç saat hamamda soyuq tametin üstündə qaldım. Yaxşı ki, başım heç yana dəyib zədələnmədi. Nəhayət, sürünüb mətbəxə keçdim. Orada birtəhər qalxdım.

O vaxtdan hər dəfə çimərkən telefonu hamamın qapısı yanında qoyuram. Hər ehtimala qarşı. Şər deməsən – xeyir gəlməz. İstəyirəm ki, xeyir gələndə qapını sındırmasın. Açarını bururam. Qapı açıq qalmır, örtülü olur. Amma nə vaxtsa qonşular narahat olsalar, təcili yardım çağırsalar, içəriyə keçmək istəsələr – qapını çıxarmasınlar: bu evdə məndən sonra da adamlar yaşayacaqlar.

Bir anda Lətif dayıya hörmətım hədsiz artdı. Bu kişi nəinki həyatını ləyaqətlə sürür, ölümünü də cəsarətlə gözləyir, soyuqqanlı qarşılayır. Kövrəldim. Dedim:

– Lətif müəllim, sizdən kiçicik xahişim var, etiraz qəbul olunmur. Hər dəfə çiməndə məni çağırın. Siz hamamdan çıxanadək çay dəmləyərəm. Oturub içərik, qeybət qırarıq.

– Pul və sənədlər o qutudadır, - deyə əli ilə göstərdi.

– Pulu neyləyirəm?..

– Məndən sonra sənədləri axtarıb, evi ələk-vələk etməsinlər. Şəxsiyyət vəsiqəm ölüm haqqında şəhadətnamə üçün lazım olacaq. Pul isə son mənzilə yola salmaqdan ötrü gərəkdir. Qoy heç kəs inciməsin. Bircə ondan narazıyam ki, basdıranda qəbrimin üstündə molla nə isə deyəcək. Səsini eşitməmək üçün əllərimlə qulaqlarımı tutaram. Hərçənd, mürdəşir pambıq tıxayır...

Özü də güldü, məni də güldürdü. Sən isə gülmə. Hələ bilinmir bizim qocalığımız, aqibətimiz necə olacaq...

A.ƏZİZ