İrlandiya kömürlə vidalaşdı
İrlandiya rəsmi olaraq kömürlə elektrik enerjisi istehsalına son qoyaraq bu addımı atan axırıncı Avropa ölkəsi oldu.
SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Dövlət enerji şirkəti ESB elan edib ki, ölkənin Kler qraflığında yerləşən və kömürlə işləyən son elektrik stansiyası 40 ildən çox fəaliyyət göstərdikdən sonra rəsmi olaraq bağlanıb.
“Bu, İrlandiyada kömürün sonu və daha təmiz enerji gələcəyinin başlanğıcıdır”, - deyə ESB-nin baş icraçı direktoru Peddi Qeys bildirib.
Bu keçid İrlandiyada külək enerjisinin artımı sayəsində mümkün olub. Külək enerjisi hazırda ölkənin elektrik enerjisinin üçdə birindən çoxunu təmin edir.
Amma eyni zamanda İrlandiyanın kömürlə işləyən “Moneypoint” elektrik stansiyası 2029-cu ilə qədər enerji şəbəkəsi operatoru “EirGrid”in göstərişinə əsasən, fövqəladə hallarda mazutdan istifadə etməklə, ehtiyatda qalacaq.
Qeyd edək ki, Böyük Britaniya 140 ildən çox vaxt keçdikdən sonra – 2024-cü ilin sentyabrında kömürdən elektrik enerjisi istehsalını dayandırıb.
Xatirə SADİQ