Adı istintaqa məlum olmayan İran saqqızı

İranla tanışlığımız saqqızla başlamışdı. Sonra haradansa adı istintaqa məlum olmayan İran vətəndaşları peyda oldular. Və həmin vaxtdan çox şey dəyişdi... 

Jun 15, 2025 - 19:23
Jun 15, 2025 - 19:26
Adı istintaqa məlum olmayan İran saqqızı

Zülfiqar SAVAŞ (Hüseynov)

Ayıldıq ki, ağzımızdakı saqqız tiryəkə çevrilib. Saqqızın şirinliyini tiryək acılığı əvəz etmiş, bəzilərimiz sözləri fars ağızı ilə uzadaraq qəribə tərzdə danışmağa başlamışdı.

Xəstələnmişdik.

İrana da apardılar, sağalmadıq.

Müəmmalı, haqqında əfsanələr danışılan İranı belə tanıdıq.

Hər şeyə rəğmən dost olmağa çalışdıq, “yaxın qonşu, uzaq qohum” məntiqi ilə yola çıxaraq nələrisə görməzdən gəlməyə çalışdıq. Hərdən də özümüzü aldatmağa çalışdıq ki, alınır.

Ermənistana açıq dəstək, Azərbaycan Respublikasını “Bakı rejimi” adlandırmaq, regional və beynəlxalq layihələrdə ölkəmizi təkləmək cəhdləri Tehranın bəzəkli sözlərinin arxasındakı əsl niyyəti ortaya çıxarırdı. Hətta gözlərimizi bərk-bərk yumsaydıq belə, bu niyyəti görməmək mümkün deyildi.

Bu baxımdan çox da uzaq olmayan keçmişdəki bir faktı xatırlamaq yerinə düşər. Ümummilli Lider Heydər Əliyevin ovaxtkı İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşünü, yəqin ki, çoxları xatırlayır. O zaman İran tərəfinin Xəzər dənizini “Mazandaran gölü” adlandırması Heydər Əliyevin kəskin etirazına və tərəf müqabilinə tarix dərsi keçməsinə səbəb olmuşdu.

Hadisə 2002-ci ilin mayında Heydər Əliyevin Tehrana səfəri zamanı baş vermişdi.

İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurmuş. İran prezidenti danışıqlar zamanı, bəlkə də, bilərəkdən "Xəzər dənizinin problemləri" əvəzinə "müşkülati-dəryaçayi-Mazandaran" ("Mazandaran gölünün problemləri") ifadəsini işlədir, söhbəti tərcümə edən Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov isə ifadəni avtomatik olaraq "Xəzər dənizinin problemləri" şəklində çevirir. Amma təbii ki, tez-tez “Mazandaran” kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Mərhum Prezident Heydər Əliyev fars dilini bir az bildiyindən xəbərdar olduğu üçün arada fasilə yarananda üzünü xarici işlər naziri Vilayət Quliyevə tutaraq, deyir: “Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var?”

- Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər.

Prezident əsəbi şəkildə Abbasəliyə irad tutur:

- Niyə dəqiq tərcümə etmirsən? 

Sonra isə əl işarəsi ilə sözünə davam etmək istəyən Xatəmini dayandırır:

- Ağayi Xatəmi, bildiyimə görə, qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub. Hətta eşitdiyimə görə, qədim türklər ona Quzğun dənizi deyiblər. İndi necə edək? Siz Mazandaran gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqqında?”

Bundan sonra M. Xatəminin üzrxahlıq etməkdən başqa yolu qalmayıb.

Prezident İlham Əliyevin hakimiyyət illərində də İranın oxşar təxribatçı manevrləri az olmayıb. Həmin təxribatlar hər dəfəsində səbir, təmkin və diplomatik müdrikliklə dəf edilib, həm də o formada dəf edilib ki, məcburi qonşuluq münasibətlərinə də xələl gəlməsin.  

Ermənistan işğalına dəstək veriləndə də, İrandakı səfirliyimizə silahlı hücum olanda da Bakı eyni şəkildə davranmışdı. Reaksiyalarımız sərt olduğu qədər də, diplomatik əxlaq çərçivəsində idi.

Bu gün İsraillə müharibə şəraitində olan İrana yönəlik siyasətimiz də diplomatik əxlaq prinsipindən kənara çıxmayıb. Bakı nəyi etmək lazımdırsa, onu da edir. 

Axı siyasət həm də mümkün olanı etmək sənətidir.

Gələcəkdə nəyin mümkün olacağına gəlincə, bu, proseslərin sonrakı inkişafına bağlıdır.

İran və bütünlükdə bölgəmiz isə tarixi kataklizmlər mərhələsindən keçir.

Obrazlı ifadə etsək, İran “reanimasiya”dadır. İndi azərbaycanlıların ən ağır xəstələrini müalicə üçün apardıqları İranın özünə müalicə lazımdır.

Qoca və yorğun qonşumuza şəfalar diləyir və köhnə günləri xatırlayırıq..

Xəstə ilə tanışlığımız saqqızla başlamışdı. Sonra haradansa adı istintaqa məlum olmayan İran vətəndaşları peyda oldular. Və həmin vaxtdan çox şey dəyişdi...