“Bu saxtakarlığın arxasında İran yox, rusiyalı “xadimlər” dayanır” – Makareviç
Rusiyalı rok musiqiçisi Andrey Makareviç əsir götürülmüş İsrail hərbi pilotu kimi İranın dövlət mediasının səhifələrində yer alıb.
SAVASHMEDİA.az The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə bu yaxınlarda “Nour News” xəbər agentliyi məlumat yayıb.
Nəşr “Maşina Vremeni” qrupunun 71 yaşlı solistinin gənclik illərində çəkilmiş şəklini İran hərbçilərinin guya İsrailə məxsus F-35 qırıcı təyyarəsini vuraraq onun pilotunu əsir götürməsi xəbərində yerləşdirib.
Saxta sosial şəbəkələrin İsrail seqmentində bu xəbər sürətlə yayıldı və bir sıra Yaxın Şərq KİV-lərində dərc olundu. Videonun özü, ehtimal ki, “Nour News” tərəfindən operativ olaraq silinsə də tanınmış musiqiçi ilə skrinşotlar internet-meme çevrildi. İsrail hərbçiləri isə pilotlarının əsir götürülməsi ilə bağlı məlumatları təkzib etdi.
2022-ci ildə “xarici agent” kimi tanındığı Rusiyanı tərk edərək İsrailə gedən Makareviç saxta xəbərə “Facebook” səhifəsində münasibət bildirib.
O, bu ajiotajı Ukraynadakı müharibə ilə bağlı mövqeyi ilə əlaqələndirərək saxtakarlığın arxasında İran dövlətinin təbliğat maşının deyil, Rusiya “xadimləri”nin dayandığından şübhələndiyini söyləyib.
Makareviç özü haqqında internetdə yayılan və həqiqətə uyğun olmayan digər məlumatları sadalayaraq yazıb: “Cənab botlar, yarım-botlar və başqa pisliklər, İsraildə yaşadığım üç il yarım ərzində siz məni bir gün belə fasiləsiz diqqətinizdən kənarda qoymadınız. Sən demə, məni İsrail hərbi pilotu kimi İran əsir götürüb. Əla. Sizə dərhal bildirirəm ki, mən nə qaçmışam, nə də çıxıb getmişəm. Mən və ailəm İsraildəyik, biz sağıq və yaşayacağıq", - Makareviç qeyd edib.
Newsru.co.il xəbər agentliyinin baş redaktoru Yevgeni Finkel “Facebook”da yazıb ki, Nour News vurulduğu iddia edilən qırıcı və əsir düşən pilotla bağlı xəbərlərdə Makareviçin şəklini dərc etməyib. “Kiminsə axmaq zarafatı viral oldu”, - deyə o, iddia edib.
Xatirə SADİQ