Ağ Ev bu xüsusi elçidən narazıdır - “Kreml tərcüməçilərindən kömək istəyib”

Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun ölkənin iki ən böyük düşməni ilə danışıqlara yanaşması ABŞ administrasiyasının insayderləri arasında narahatlıq doğurub.

May 1, 2025 - 16:55
Ağ Ev bu xüsusi elçidən narazıdır - “Kreml tərcüməçilərindən kömək istəyib”

SAVASHMEDİA.az xəbər verir ki, “The New York Post” (NYP) nəşri mənbələrə istinadən yazıb. 

Mənbələrin sözlərinə görə, Uitkoff təkbaşına yüksək səviyyəli görüşlərdə iştirak edir, hətta bəzən Kremlin tərcüməçilərindən kömək istəyir, bu isə uzunmüddətli diplomatik prosedurların pozulması deməkdir. 

Nəşr diqqətə çatdırır ki, Uitkoff ötən cümə günü Putinlə yekun görüşündən əvvəl Kreml tiranını köhnə dost kimi salamlayıb. Bu hadisə adətən danışıqlar aparan Amerika rəsmilərini müşayiət edən məsləhətçilər, ekspertlər və hərbi personaldan ibarət heyətdən heç bir əlamət olmadan baş verib. 

Putin həmin görüşdə tək olmayıb, onu köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev müşayiət edib.

“Putinlə belə danışıqlarda iştirak edən hər kəs öz komandasında Kremllə görüşlərə özləri ilə apara biləcək təcrübəli rusiyalı mütəxəssislərin olmasından faydalanır”, - deyə “Rusiyada Demokratiyanı Müdafiə Fondu” proqramının direktoru Con Hardi vurğulayıb.

NYP həmçinin qeyd edir ki, Uitkoff Putinin sözlərini təkrarlamağa və onun narrativlərini yaymağa meyllidir. Ukrayna tərəfinin mövqeyi isə ona məlum deyil, çünki Ukrayna məsələləri üzrə xüsusi elçi rolu Kit Kelloqa həvalə olunub.

Müttəfiqləri tərəfindən möhkəm danışıqçı adlandırılan Uitkoffun II Dünya müharibəsindən bəri Avropadakı ən pis münaqişəyə müdaxilə etməməsi üçün kifayət qədər işi olmalıdır. 

Uitloff xüsusi elçi kimi İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə vasitəçilik etməyə və İranın nüvə sazişini yenidən müzakirə etməyə çalışdı. Onun karyerası Trampın andiçmə mərasimi ərəfəsində qüvvəyə minən İsrail və HƏMAS arasında iki aylıq barışıq əldə etməyə kömək edərək, uğurlu başlanğıc etdi. Lakin atəşkəsi uzatmaq mümkün olmayıb.

İsrailliləri çoxu Uitkoffun səylərini yüksək qiymətləndirsə də, onun diplomatik təcrübəsinin olmaması elçinin mühakiməsinə kölgə salan amil kimi səciyyələndirir.

“Uitkoff iki çox çətin danışıqlar arasında vaxtını necə idarə edəcək? Mən onu yaxşı oğlan hesab edirəm, lakin İran məsələsi o qədər çətindir ki, ümid edirəm ki, o, komandaya daha çox insan cəlb edəcək”, - deyə israilli təhlükəsizlik eksperti və Tel-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Denni Sitrinoviç vurğulyıb.

NYP isə Uitkoffun İran istiqamətində işinə görə tənqidlərə məruz qaldığını xatırladıb. Bu məqamda xüsusi elçinin Tehran nümayəndələri ilə danışıqlarını vaxt itkisi adlandıran Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltondan sitat gətirilib.

“Reuters” bundan öncə yazırdı ki, ABŞ prezidenti elçisinin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin nizamlanması ilə bağlı müəyyən hərəkətləri və bəyanatları Ağ Evdə və respublikaçılar arasında tənqidlərə səbəb olub.

Ukrayna prezidenti Volodimir Zelenski isə Stiv Uitkoffu ölkəsi barədə rus narrativlərini yaymaqda ittiham etmişdi. 

Xatirə SADİQ