Fitso neytrallıq istəyir - “Bu status Slovakiyaya yarayardı”
“İndiki beynəlxalq vəziyyət şəraitində neytral status Slovakiya üçün əlverişli ola bilərdi”.
SAVASHMEDİA.az “Aktuality” portalına istinadən xəbər verir ki, bunu Slovakiya İqtisadiyyat Nazirliyində çıxış edən baş nazir Robert Fitso iddia edib.
Onun sözlərinə görə, dünya dəyişir: “Şəxsən özüm haqqında danışsam, sizə deyərəm ki, silah şirkətlərinin Covid zamanı əczaçılıq şirkətləri kimi əllərini ovuşdurduğu bu mənasız silahlanma dövründə neytrallıq Slovakiyaya çox yarayardı”.
Baş nazir etiraf edib ki, artıq “çox rəsmi və çox aydın şəkildə” neytrallıq məsələsini qaldırıb, lakin bu məsələ ilə bağlı qərar təkcə ondan asılı deyil.
Baş nazirin bəyanatı prezident Piter Pelleqrini ilə parlament partiyaları nümayəndələrinin dəyirmi masası ərəfəsində verilib. Həmin tədbirdə ölkə siyasətçiləri müdafiə büdcəsinin artırılması məsələsini müzakirə etməlidirlər.
Müxalifətin baş nazirin açıqlamasına reaksiyası özünü çox gözlətməyib. “Proqressiv Slovakiya”nın lideri Mixal Şimeçka baş nazirin sözlərini “qalmaqallı” adlandırıb və onu ölkəni NATO-dan çıxarmaq cəhdində ittiham edib.
“Robert Fitso neytrallıq arzusundadır. O, əslində təhlükəsizliyimizin əsasını təşkil edən NATO-ya üzv olmağımızı şübhə altına alır. Bu, Slovakiyanın xarici siyasətini məhv edir və Putinə sərf edir”, - deyə Şimeçka bildirib.
Xatirə SADİQ