Suriya Prezidenti məşhur aktrisanı deputat təyin etdi - FOTO
Suriya Prezidenti Əhməd Əl- Şaraa keçid dövründə fəaliyyət göstərəcək Xalq Məclisinin tərkibini formalaşdırmağa başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı 210 yerlik parlamentin 70 üzvünü birbaşa təyin edib. Təyin olunanlar arasında 36 yaşlı aktrisa Rozina Lazkani də var.
Şaraanın birbaşa təyin etdiyi şəxslər arasında vətəndaş müharibəsi qurbanlarının yaxınları, keçmiş məhbuslar, həmçinin Bəşər Əsəd hakimiyyəti dövründə kimyəvi hücumlardan sağ çıxan şəxslər də yer alıb.
Bildirilib ki, Prezident tərəfindən təyin olunan 70 nəfərin 15-i qadındır. Seçki komissiyasının müəyyən etdiyi daha altı qadın deputatın parlamentə daxil olması ilə Xalq Məclisində qadın deputatların ümumi sayı 21-ə çatıb.
Deputat təyin edildikdən sonra sosial media hesabında paylaşım edən aktrisa Rozina Lazkani Prezident Əhməd Əl- Şaraaya təşəkkürünü bildirib. O, göstərilən etimadı karyerasının ən mühüm dönüş nöqtələrindən biri adlandıraraq, buna layiq olmaq üçün səylə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Lazkani "Al-Hayba" serialındakı “Mona Şeyx əl-Cəbəl” rolu ilə tanınıb. Serial "Netflix" platformasında da yayımlanıb. 2014-cü ildən televiziya fəaliyyətinə başlayan Lazkaninin bundan əvvəl heç bir siyasi və ya dövlət idarəçiliyi təcrübəsi olmayıb.
Banu