"Arzumla barışıq olmayacaq, yalvarmasınlar" - Ailə cəzanın artırılmasını istəyir

"TikTok" fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovun ailəsi ilk dəfə məsələ ilə bağlı açıəqlama verib.

Jul 3, 2026 - 14:05
"Arzumla barışıq olmayacaq, yalvarmasınlar" - Ailə cəzanın artırılmasını istəyir

SAVASHMEDİA.az xəbər verir ki, Amal Məlikovun bacısı sosial şəbəkədə paylaşım edərək, hökmün elan olunmasından sonra ailələri ilə barışıq məqsədilə əlaqə yaratmağa çalışan şəxslərə cavab verib.

Onun sözlərinə görə, son günlər müxtəlif şəxslər ailə üzvlərinə zəng edir, evlərinə gəlmək istəyir və barışıq üçün vasitəçilik etməyə çalışırlar. Lakin ailənin mövqeyi dəyişməz olaraq qalır:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil".

Amal Məlikovun bacısı bildirib ki, ailə verilən cəzanı kifayət qədər ağır hesab etmir və hökmün dəyişdirilməsi üçün hüquqi addımlar atacaq.

"Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək".

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva (Arzum) 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və hökm oxunduqdan sonra məhkəmə zalında həbs olunub.

Aytən