“Qazprom”la saziş siyasi təhlükədir - Aİ xəbərdarlıq etdi

Avropa İttifaqı (Aİ) 2024-cü ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı sazişi ləğv etməyə hazırdır.

Oct 16, 2024 - 11:45
“Qazprom”la saziş siyasi təhlükədir - Aİ xəbərdarlıq etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının enerji məsələləri üzrə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Qazprom”la əlavə razılaşmaları siyasi baxımdan təhlükəli adlandıran Avropa komissarı qeyd edib ki, Aİ-nin qaz anbarları 95% doludur və qazın onlara vurulması prosesi davam edir. Bundan əlavə, Avropa İttifaqı qaz tədarükünü şaxələndirib və bərpa olunan enerji mənbələrinin payını artırıb.

“İlin sonunda “Qazprom” və “Naftoqaz” arasında qaz tranziti müqaviləsinin müddəti başa çatır. Bu gün bizim buna hazır olduğumuzu mən nazirlərə təsdiqlədim”, – deyə Avropa komissarı vurğulayıb.

O, izah edib ki, Mərkəzi və Cənub-Şərqi Avropada hələ də Ukrayna ərazisindən keçən 14 milyard kubmetr Rusiya qazını tamamilə əvəz etmək üçün alternativ tədarük marşrutları var.

“Əgər üzv ölkələr Rusiya qazının idxalını davam etdirmək qərarına gəlsələr və bunu hətta müqavilədə nəzərdə tutulmuş gücün üzərindən etsələr və ya yeni tutumlar üçün yeni müqavilələr imzalamaq istəsələr, mən aydın bəyan etmək istəyirəm. Bu, zərurət deyil. Bu, siyasi seçimdir və təhlükəli seçimdir. Və biz yadda saxlamalıyıq ki, Rusiya ilə münasibətlərin qiyməti təkcə qazın qiyməti ilə deyil, həm də Ukraynada həyatlarını itirənlərlə ölçülür”, - deyə Simson xəbərdarlıq edib.

Qeyd edək ki, bu yaxınlarda Macarıstan qazın həcmini artırmaq üçün “Qazprom”la yenidən anlaşdığını bəyan edib. 

Xatirə SADİQ