ABŞ-dən İsrailə ültimatum - Qəzzada humanitar vəziyyəti düzəldin, yoxsa...

Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün İsrail gələn ay ərzində hərəkətə keçməlidir, əks halda bu ölkə Amerika hərbi yardımı ilə bağlı mümkün məhdudiyyətlərlə üzləşəcək.

Oct 16, 2024 - 11:41
Oct 16, 2024 - 14:14
ABŞ-dən İsrailə ültimatum - Qəzzada humanitar vəziyyəti düzəldin, yoxsa...

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin bazar günü İsrail rəsmilərinə ünvanladıqları məktubda deyilir.

ABŞ rəsmiləri məktubda İsrailin Qəzzanın şimalına yeni hücumu fonunda Fələstin anklavında pisləşən vəziyyətlə bağlı konkret addım atmağı tələb ediblər.

İsrailin “News 12” telekanalı tərəfindən ilk dəfə yayılan məktuba görə, bunu etməmək ABŞ siyasətinə təsir edə bilər.

“Biz özəlliklə narahatıq ki, İsrail hökumətinin son hərəkətləri Qəzzada vəziyyətin sürətlə pisləşməsinə kömək edir", - “Axios” müxbirinin X sosial şəbəkəsində yerləşdirdiyi məktubun surətində deyilir.

Məktubda xatırladılıb ki, İsrail tərəfindən kommersiya idxalı da daxil olmaqla, Qəzzanın şimal və cənubu arasında əksər humanitar daşınmalara qadağa və Qəzzaya daxil ola biləcək mallara ağır və həddindən artıq məhdudiyyətlər qoyulur.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi məktubun təhdid olmadığını bildirib, amma Qəzzada humanitar yardımın artırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

“Bizə elə gəlir ki, onlar (israillilər) bunu ciddi qəbul edirlər" deyə Kirbi təfərrüatlara varmadan məktubla bağlı bildirib.

Vaşinqtondakı İsrail məmuru bildirib ki, məktub alınıb və hazırda nəzərdən keçirilir. “İsrail bu məsələyə ciddi yanaşır və amerikalı həmkarlarımızla bu məktubda qaldırılan məsələləri müzakirə etmək niyyətindədir”, - deyə məmur bildirib.

Məktub Qəzza münaqişəsi başlayandan bəri baş nazir Benyamin Netanyahu hökumətinə verilən ən aydın ultimatumdur və Vaşinqtonun İsrailə dəstəyinin dəyişməsi perspektivini artırır.

Məktubda İsrailin 30 gün ərzində atmalı olduğu konkret addımlar, o cümlədən gündə ən azı 350 yük maşınının Qəzzaya girməsinə icazə verilməsi, yardımın çatdırılmasına imkan vermək üçün döyüşlərdə fasilələr yaradılması və təcili ehtiyac olmadığı halda fələstinli mülki şəxslərin təxliyəsi üçün əmrlərin ləğvi göstərilib.

Xatirə SADİQ