Helsinkidə rusiyalı hərbi cinayətkar ömürlük cəza aldı

Helsinki Rayon Məhkəməsi Ukraynada hərbi cinayətlər törətmiş Rusiya vətəndaşı Yan Petrovskini ömürlük həbs cəzasına məhkum edib.

Mar 14, 2025 - 14:55
Helsinkidə rusiyalı hərbi cinayətkar ömürlük cəza aldı

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu, Finlandiya tarixində Rusiya vətəndaşının Ukraynaya qarşı hərbi cinayətlər törətməkdə təqsirli bilindiyi ilk haldır.

İş materiallarına görə, Yan Petrovski (Voislav Torden kimi də tanınır) 2014-cü ilin payızında Luqansk vilayətində 22 Ukrayna əsgərinin qətlində və Ukrayna Silahlı Qüvvələrinin daha dörd əsgərinin ağır yaralanmasında iştirak edib. Sonra cinayətkar ölən və işgəncəyə məruz qalan ukraynalı hərbçilərin cəsədləri fonunda şəkillər çəkdirib.

O zaman rusiyalı cinayətkar Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 2-ci Ordu Korpusunun “Rusiç” təxribat-kəşfiyyat hücum qrupunun tərkibində olub.

Həmin qrupun komandirinin müavini vəzifəsində olarkən Petrovski Ukraynanın şərqində Antiterror Əməliyyatı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.

Finlandiya polisi 20 iyul 2023-cü ildə onu Helsinki hava limanında saxlayıb. Bundan sonra Finlandiya Milli Təhqiqat Bürosu Ukrayna tərəfi ilə birlikdə Petrovskinin hərbi cinayətləri ilə bağlı araşdırmaya başlayıb.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları finlandiyalı tərəfdaşlarına bu işin araşdırılmasında hərtərəfli yardım göstəriblər. Xüsusilə zərərçəkmişlər və şahidlərlə istintaq hərəkətləri həyata keçirib, əlavə məhkəmə-tibbi ekspertizalarına başlanılıb.

“Ukrayna və Finlandiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə işi Petrovskinin təqsiri ilə bağlı əsaslandırılmış sübutlar toplamağa və ona real cəza təyin etməyə imkan verdi. Bu, beynəlxalq ədalətdə presedentə çevrilib və bu, ukraynalıların qətlinə görə cəzanın qaçılmazlığını bir daha sübut edir. UTX Ukraynaya qarşı cinayətlərdə iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirir”, - deyə məlumatda diqqətə çatdırılıb.

Xatirə SADİQ