“Putin tələblərini yumşaldıb, o, indi başqa söz deyir” - Hakan Fidan

“Rusiya mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynaya qarşı ərazi tələblərini yumşaldıb”.

Aug 29, 2025 - 15:10
“Putin tələblərini yumşaldıb, o, indi başqa söz deyir” - Hakan Fidan

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haberler”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kreml əvvəlcə dörd regionun – Donetsk, Luqansk, Xerson və Zaporojyenin bütün ərazilərinə, o cümlədən Rusiya ordusunun nəzarətində olmayan torpaqlara nəzarəti təhvil verməkdə israr edib. İndi isə Vladimir Putin Xerson və Zaporojyedəki təmas xətti boyunca cəbhənin dondurulmasına razılıq verib.
 
“Donbas iki hissəyə – Luqansk və Donetskə bölünüb. Hazırda Donetsk vilayətində 25-30% (ələ keçirilməmiş) ərazinin (Moskvaya) verilməsi, Zaporojye və Xersondakı təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə ilkin razılaşma var”, - deyə nazir iddia edib. 

O, əlavə edib ki, bu, mümkün sülh sazişinin müddəaları üçün “böyük əsas” ola bilər. 

Fidanın sözlərinə görə, bir gün əvvəl o, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla, sonra isə Türkiyənin “böyük dostu”, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovla potensial razılaşmaları müzakirə edib.

“The Moscow Times” yazır ki, hazırda Rusiya Donbasın 88%-nə, Zaporojye və Xerson vilayətlərinin 73%-nə, ümumilikdə Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir. Kremlin iddialı planlarına baxmayaraq, Rusiya ordusu çox ləng irəliləyir: keçən il Ukrayna ərazisinin 1%-ni, 2025-ci ilin yay hücumu zamanı isə 0,3%-ni ələ keçirə bilib.

Putinin ərazi iddialarını yumşaltdığını “Reuters” agentliyinin Kremlə yaxın mənbələri də təsdiqləyir. Mənbələrin sözlərinə görə, Rusiya prezidenti əvvəlkitək Ukraynanın Donbasdan tam çıxarılmasında israrlıdır, lakin Zaporojye və Xerson vilayətlərində cəbhəni dondurmağa, Rusiyanın nəzarətində olan Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin ərazilərini də Kiyevə qaytarmağa hazırdır.
 
Bununla belə, Putin hələ də Ukraynanın NATO üzvlüyündən imtinasını tələb edir, blokun Şərqə doğru genişlənməməsi, Ukraynanın neytrallığı, silahlı qüvvələrinin sayında məhdudiyyətlər və Qərb qoşunlarının hətta sülhməramlılar kimi onun ərazisinə yerləşdirilməməsi üçün hüquqi təminatlar istəyir. 

Xatirə SADİQ