Ukraynalılar Rusiyanın “sülh planı”nı rədd edir - SORĞU 

Ukraynanın bütün regionlarında yaşayan əhalinin 76%-i qəsbkar müharibə aparan Rusiyanın şərtləri ilə həyata keçirilən “sülh planı”nı qəti şəkildə rədd edir.

Aug 7, 2025 - 14:54
Ukraynalılar Rusiyanın “sülh planı”nı rədd edir - SORĞU 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu nəticəndə məlum olub. 

Sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 17%-i Rusiyanın tələbləri ilə razılaşa bilər. 

Ölkə əhalisinin 54 faizi Avropa ilə Ukraynanın birgə sülh planını daha məqbul plan hesab edirlər. Mayda bu göstərici 51% təşkil edib. Əhalinin 30%-i bu planı qəti şəkildə qəbuledilməz hesab edir. Mayda onların sayı 35% idi.

ABŞ-nin sülhlə bağlı şərti planını respondentlərin 39%-i qəbul edə bilər. Bu göstərici may ayında 29% olub. Eyni zamanda, əvvəlki sorğularda olduğu kimi respondentlər bu variantın onlar üçün çətin olduğunu vurğulayıblar. Ukraynalıların əksəriyyəti (49%) üçün həmin plan qəti şəkildə qəbuledilməzdir. Mayda bu, 62% təşkil edib.

Rusiyanın şərti planında deyilir ki, Ukrayna ordusunu əhəmiyyətli dərəcədə azaltmalı, silahlarını məhdudlaşdırmalı, NATO üzvlüyündən həmişəlik imtina etməlidir. Xerson, Zaporojya şəhərləri, Donetsk, Zaporojya və Xerson vilayətlərinin bütün ərazisi də Rusiyanın nəzarətinə keçir. Ukrayna rəsmi olaraq bütün işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı və onlardan həmişəlik imtina edir. ABŞ və Avropa Rusiyaya qarşı bütün sanksiyaları ləğv etsə, Ukrayna Avropa İttifaqına (Aİ) qoşulmağa doğru irəliləyir.

Vaşinqtonun şərti planına görə, bir qrup Avropa dövləti ABŞ olmadan Ukraynaya təhlükəsizlik təminatı verir. Rusiya işğal olunmuş ərazilərə nəzarəti özündə saxlayır. ABŞ rəsmi olaraq Krımı Rusiyanın bir hissəsi kimi tanıyır. ABŞ və Avropa Rusiyaya qarşı bütün sanksiyaları ləğv edir. Ukrayna Aİ-yə daxil olmaq yolunda irəliləyir.

Avropa və Ukraynanın şərti planında göstərilir ki, Ukrayna Avropa və ABŞ-dən etibarlı təhlükəsizlik təminatı alır. Rusiya işğal olunmuş ərazilərə nəzarəti özündə saxlasa da, Ukrayna və dünya bunu rəsmən tanımır. Ukrayna Aİ-yə daxil olmaq yolunda irəliləyir. Davamlı sülhün bərqərar olmasından sonra ABŞ Rusiyaya qarşı sanksiyalarını tədricən yumşaldır.
Sorğu 2025-ci il iyulun 23-dən avqustun 4-dək Ukraynanın bütün regionlarında (Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə) telefon müsahibələrindən istifadə etməklə aparılıb. 

Xatirə SADİQ