Ağ Ev müttəfiqlərini Kubanın təcridini davam etdirməyə çağırdı
ABŞ prezidenti Donald Trampının administrasiyası növbəti diplomatik kampaniyaya başlayıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Ağ Ev bu dəfə öz müttəfiqlərini BMT-nin Kubaya tətbiq edilən embarqonun ləğvini tələb edən illik qətnaməsini dəstəkləməməyə inandırmağa çalışır.
Vaşinqtonun arqumenti ondan ibarət olub ki, Havana Rusiyanın Ukraynaya təcavüzünü, xüsusən də öz vətəndaşlarını Rusiya tərəfində döyüşməyə göndərməklə, fəal şəkildə dəstəkləyir.
ABŞ Dövlət Departamentinin daxili sənədinə görə, amerikalı diplomatlardan digər ölkələrə Kubanın “Şimali Koreyadan sonra Rusiya ordusuna ən böyük xarici qoşun tədarükçüsü olduğunu” bildirmələri tələb olunur. Qiymətləndirmələrə görə, Ukraynaya qarşı müharibədə təxminən 1000-5000 kubalı döyüşür.
2 oktyabr tarixində imzalanmış diplomatik teleqram dünya üzrə onlarla Amerika nümayəndəliyinə çatdırılıb. Teleqramda bildirilir ki, Birləşmiş Ştatlar qətnamənin qəbuluna tam mane ola bilməsə belə, ona verilən “hə” səslərinin sayını azaltmağa çalışır. “Xeyr” səsləri prioritetdir, lakin səsvermədən qalmaq və ya iştirak etməmək də faydalıdır”, - sənəddə deyilir.
Keçən il 187 ölkə bu qətnaməni qəbul etdi, yalnız ABŞ və İsrail buna qarşı çıxdı, Moldova isə bitərəf qaldı. Vaşinqton hesab edir ki, sənəd “səhv olaraq” Kubanın iqtisadi böhranını Amerikanın sanksiyaları ilə əlaqələndirir, halbuki buna səbəb Kuba hakimiyyətinin “korrupsiya və səriştəsizliyi”dir.
Dövlət Departamenti bəyan edib ki, Kuba BMT-nin səsverməsindən “özünü qurban kimi göstərmək” üçün istifadə edir və demokratik müttəfiqlərinin dəstəyinə layiq deyil. Dövlət Departamenti həmçinin qeyd edib ki, Kuba hakimiyyəti “öz vətəndaşlarını Rusiyanın Ukraynaya qarşı müharibəsində piyada kimi istifadə edilməkdən qoruya bilməyib”.
“Reuters” xatırladıb ki, 1959-cu il inqilabından sonra tətbiq edilən embarqonu yalnız ABŞ Konqresi ləğv edə bilər.
Xatirə SADİQ