“Trampın Hitleri təriflədiyi barədə hekayə uydurulub” – Cey Di Vens
“Ağ Evin keçmiş aparat rəhbəri Con Kelli eks-prezident Trampın Hitleri təriflədiyi barədə hekayəni uydurub”.
SAVASHMEDİA.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu Miçiqanda çıxış edərkən Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Cey Di Vens deyib.
C.D.Vens bildirib ki, Con Kelliyə etibar etmək olmaz: “Tramp Kellini işdən çıxarıb və o, buna görə çox inciyib, odur ki, bu barədə danışmaqdan əl çəkməyəcək”.
Onun sözlərinə görə, Con Kelli hər dəfə nəyinsə baş verdiyini dedikdə, bunun uydurma olduğunu deyəcək üç-dörd nəfər tapılacaq.
“Hətta Mayk Pensin aparat rəhbəri də deyir ki, Con Kelli Donald Tramp haqqında uydurub. Odur ki, biz kimə inanacağıq, çoxsaylı şahidlərə, yoxsa təhqir olunmuş keçmiş məmura? Mən çoxsaylı şahidlərə inanıram. Düşünürəm ki, Kellinin dediyi nə varsa doğru deyil”, - deyə o, əlavə etdi.
Vitse-prezidentliyə namizəd güman edir ki, Kellinin məhz indi bu sözləri deməsi təsadüfi deyil: “Zəmanət verirəm ki, o, əvvəlcə Harris kampaniyasından kiminləsə danışır”.
Xatırladaq ki, Kelli “The New York Times” qəzetinə müsahibəsində Trampın öz Hitlerin bəzi hərəkətlərini bəyəndiyini və onun fikirlərinin ümumi faşist anlayışı altına düşdüyünü bildirmişdi.
Tramp cavab yazısında Kellini “miskin” və “tam degenerat” adlandırıb.
Xatirə SADİQ