“Aİ bəzən tərəfdaşlarına alçaldıcı yanaşma tətbiq edir” – Şarl Mişel etiraf etdi
Aİ Rusiya və Çinin öz təsirlərini genişləndirmək cəhdlərinə qarşı durmağı planlaşdırırsa, strateji əməkdaşlıq barədə razılığa gəldiyi ölkələrə daha çox hörmət göstərməlidir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa Şurasının (AŞ) rəhbəri Şarl Mişel deyib.
“Biz nəyin doğru və nəyin yanlış olduğunu bildiyimizə əminik. Biz, heç olmasa, [digər ölkələrin] niyə fərqli düşündüyünü anlamağa çalışmırıq. Avropa səviyyəsində nəsihət verməyə yaxın refleksiya mövcuddur. Biz heç də həmişə ünsiyyət qurmaqda, izah etməkdə, onlarla danışmaqda və onlara müəyyən hörmət göstərməkdə çox yaxşı deyilik”, - deyə Mişel vurğulayıb.
Bu məqamda AŞ rəhbəri diqqəti NATO üzvü, Aİ üzvlüyünə namizəd olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın, Misir və BƏƏ kimi tərəfdaş ölkələrin nümayəndələrinin da qatıldığı BRİKS-in Kazanda geniş tərkibdə keçirilən sammitinə yönəldib.
Onun fikrincə, Misir nümayəndə heyətinin BRİKS-də iştirakı nəsə deyir, çünki bu dövlətin Avropa ilə sıx iqtisadi əlaqələri və ABŞ ilə hərbi əlaqələri var. O, hesab edir ki, bununla belə Qahirə Kazan lehinə seçim etdi, bu, dünyanın qalan hissəsi üçün göndərilən siqnaldır.
Şarl Mişel əmindir ki, Aİ bəzən öz standartlarına digər ölkələrin əməl etməsini təmin etmək məqsədilə tərəfdaşlarına alçaldıcı yanaşma tətbiq edir. Siyasətçi buna misal olaraq Aİ-nin “sarı vərəqə” və ya “qırmızı vərəqə” leksikasından istifadə edilməsini göstərib. Buna görə Aİ-nin meydanda oyunçu, eyni zamanda hakim olduğu təəssüratı yaranır.
Mişelin fikrincə, bir çox ölkələr iqtisadi və müdafiə ittifaqlarını şaxələndirməklə Çin və Rusiyadan asılılığı azaltmaq istəyir və buna görə də Aİ-nin onları öz tərəfinə çəkməsi üçün yeni yanaşmalara ehtiyacı var.
Mişel iki il əvvəl Afrikanın bir ölkəsinin prezidenti ilə görüşü zamanı həmin liderin “Siz avropalılar mənim ölkəmə gələndə öyüdlər, çinlilər gələndə infrastruktur qalır” sözünü xatırladıb.
“Mən demirəm ki, onlar haqlıdır və ya haqsızdırlar. Mən, sadəcə, izah edirəm ki, biz başa düşmək üçün səylər göstərmirik”, deyə Mişel izah edib.
AŞ rəhbəri qeyd edib ki, indiki mövcud yanaşma “onları inandırmağa və təsir etməyə” kömək etmədi.
Xatırladaq ki, Şarl Mişel 30 noyabr tarixində Avropa Şurası rəhbərinin vəzifəsini tərk edəcək.
Xatirə SADİQ