Aİ bu yolda Moldova ilə Ukraynanı ayıra bilər - Marta Kos
“Macarıstanın Kiyevlə danışıqlara mane olması səbəbindən Avropa İttifaqı (Aİ) Moldovanın üzvlük prosesini Ukraynadan ayıra bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Azadlıq Radiosu”na müsahibəsində genişlənmə üzrə Avropa komissarı Marta Kos deyib.
Onun sözlərinə görə, iyun ayında Brüsseldə genişlənmə ilə bağlı bir sıra qərarlar qəbul edilərkən Aİ-yə üzvlük yolunda iki ölkənin ayrılması istisna olunmur.
“Biz artıq üzv dövlətlərlə nə edəcəyini müzakirə edirik, çünki heç bir üzv dövlət Moldovanın ilk klasterin açılmasına qarşı deyil”, - deyə avrokomissar vurğulayıb.
Kos hesab edir ki, hətta 2029-cu ildə mandatı bitməmişdən əvvəl Moldovanın Aİ-yə üzv olması ehtimalı var.
O qeyd edib ki, Avropa Komissiyasının hazırkı mandatı ərzində Aİ-nin bir yeni üzv dövləti olmasa, bu, “iflas” hesab olunacaq.
“Moldova həqiqətən bütün qrup üzrə nümunəvi şagirddir. Onlar bu tarixi anı həqiqətən hiss edirlər”, - deyə Kos əlavə edib.
O xatırladıb ki, indi yalnız Macarıstan Ukraynanın Aİ-yə qoşulmasının əleyhinədir və bildirib ki, Budapeştin bu məsələni siyasiləşdirməsindən təəssüflənir: “Ukrayna kifayət qədər işlər görüb, mən bunu öz təcrübəmdən deyə bilərəm. Çünki Macarıstan və Ukrayna arasında dialoqa kömək etmişəm”.
O əlavə edib ki, Macarıstan danışıqlar üçün çoxlu bəndlər irəli sürüb və Ukrayna onların hamısını həyata keçirməyə hazırdır, lakin “Macarıstan üçün bu kifayət deyil”.
Nəşr xatırladıb ki, Moldova və Ukrayna indiyədək Aİ-yə qoşulma prosesində birlikdə irəliləyib və tandem hesab olunurdu. Keçən il Aİ-nin 27 üzv ölkəsi hər iki namizəd ölkə ilə üzvlük danışıqlarına başlamaq üçün yaşıl işıq yandırdı. Lakin danışıqların bir hissəsi hələ açılmayıb.
Ukrayna ilə danışıqlar Macarıstan tərəfindən əngəlləndi və bu, bir sıra maneələr yaratdı. Budapeşt xüsusən də macar azlığının hüquqlarının genişləndirilməsini tələb etdi.
Budapeştdə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı məşvərət sorğusu təşkil edildi və Macarıstanın baş naziri Viktor Orban açıq şəkildə bunun əleyhinə səs verdi.
Xatirə SADİQ