Aİ-nin 26 ölkəsi Ukraynanı dəstəklədi

Avropa İttifaqının (AI) 26 üzv ölkəsinin başçıları ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada gözlənilən görüşü ərəfəsində Ukraynaya dəstək verən birgə bəyanatı təsdiqləyiblər. 

Aug 12, 2025 - 13:41
Aİ-nin 26 ölkəsi Ukraynanı dəstəklədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ liderlərinin avqustun 11-də axşam saatlarında təsdiqlənmiş bəyanatında deyilir.

Sənədi imzalamaqdan imtina edən yeganə şəxs Macarıstanın baş naziri Viktor Orban olub.

ABŞ prezidentinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Ukrayna üçün ədalətli və davamlı sülh və təhlükəsizliyə nail olmaq səylərini alqışladıqlarını vurğulayan Aİ liderləri onu da diqqətə çatdırıblar ki, “beynəlxalq sərhədlər zorla dəyişdirilməməlidir”, “Ukrayna xalqı öz gələcəyini sərbəst həll etmək azadlığına malik olmalıdır” və “Ukraynada sülhə gedən yol Ukraynasız müəyyən edilə bilməz”.

Onlar həmçinin vurğulayıblar ki, yalnız atəşkəs və ya hərbi əməliyyatların azaldılması şərti ilə mənalı danışıqlar aparıla bilər.

“ ABŞ və digər həmfikir tərəfdaşlarla koordinasiyada Aİ Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək... (və)... Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərə dəstək verməyə və tətbiq etməyə davam edəcək”, - deyə bəyanatda bildirilib.

Liderlər qeyd ediblər ki, Aİ və onun üzv-dövlətləri Ukrayna üçün təhlükəsizlik təminatlarına əlavə töhfələr verməyə hazırdırlar: “Aİ Ukraynanın öz müqəddəratını seçməkdə ayrılmaz hüququnu vurğulayır və Ukraynanı Aİ-yə üzvlük yolunda dəstəkləməyə davam edəcək”.

Sənədin sonunda göstərilib ki, “Macarıstan bu bəyanata qoşulmayıb”.

Xatirə SADİQ