Aİ nümayəndəsindən Gürcüstanın qərarına reaksiya – “Kədərli və məyusedicidir”
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski gürcü hakimiyyətinin Avrointeqrasiyadan imtinasını məyusedici və kədərli adlandırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, səfir Gürcüstan hökumətinin qərarının əhalinin böyük əksəriyyətinin istəklərinə zidd olduğunu vurğulayıb.
“Düşünürəm ki, bu gün hamımız tamamilə yeni bir reallıqda oyandıq. Cənab Kobaxidzenin Gürcüstanın yaxın 4 ildə Avropa İttifaqına inteqrasiya yolu ilə getməkdə maraqlı olmadığı barədə bəyanatını eşitdik. Təbii ki, bu, son dərəcə kədərlidir. Şəxsən mənim üçün bu, həqiqətən də ürəkağrıdandır”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, dünən baş verənlər Gürcüstanın bütün əvvəlki hökumətlərinin siyasətinə açıq şəkildə ziddir. “Bu həmçinin gürcü əhalisinin böyük əksəriyyətinin istəklərinə ziddir. Amma təbii ki, Gürcüstan müstəqil ölkədir, suveren ölkədir və onun Avrointeqrasiya yolu ilə getmək istəyib-istəməməsinə məhz Gürcüstan qərar verir”, - deyə o, əlavə edib.
Bununla belə, Qerçinski gürcü xalqına müraciət edərək, onların ölkəsini necə görmək istədiklərinə özlərinin qərar verməli olduqlarını söyləyib: “Biz gürcü xalqını dəstəkləyirik, sizi gözləyəcəyik. Bu, sizin ölkənizdir, harada olmasını istədiyinizə siz qərar verməlisiniz”.
Xatirə SADİQ