Ailəni “Ailə”dən QORU!
Kabel televiziyaları müəyyən mənada rahatlıqdır: dama, eyvana çıxıb peyk antenini nizamlamırsan, təsvirin və səsin keyfiyyətinə təminat var, tez-tez dəyişən peyk koordinatlarından, kodlardan sığortalısan. Belə görmüşük.
Ailə TV-nin özəl əlavə televiziya kanalı da var – “Ailə Kinozal”. Vəziyyətə bələd olanlar yaxşı bilirlər ki, kanalda müntəzəm surətdə səs xırıldayır, təsvir pozulur, donur.
Bundan da böyük qəbahət bədii, sənədli filmin, konsert proqramının, klipin yarımçıq kəsilməsidir. Kanalın niyə rusdilli olması təəccüb doğurur. (Hərdən türk dilində serial verilir). Axı efir onsuz da rus dilində çıxan rəngarəng mövzulu kanallarla doludur. Zövqlü və düşüncəli insanlar rus filmlərinə heç baxmırlar. “Ailə Kinozal” isə onları müntəzəm olaraq tamaşaçının diqqətinə “dürtür”. Kanalda hərdən dəyərli film də təqdim edilir – inkar etmək olmaz. Lakin əksər hallarda ikinci plandan yox, üçüncü plandan da yox, arxadan çıxarılmış filmlər göstərilir.
Azərbaycanda heyvanat aləmi, təbiət, səyahətlər, elmi nailiyyətlər, yerin təkinin, okeanın, kosmosun tədqiqi ilə bağlı ixtisaslaşmış televiziya kanalı yoxdur. Yalnız bəzi kanallar ara-sıra bu mövzularda veriliş təqdim edir. Azdır! Azərbaycanlı balalar bunu da türk və rus dillərində izləməlidirlər?! Doğrudur, bu, bilavasitə Ailə TV-nin yox, Azərbaycan televiziya məkanının bəlasıdır.
Kabel operatoru Ailə TV-nin reklamında təqdim etdiyi kanalların siyahısını tez-tez pozur. Bu yaxınlarda yenə bir neçə kanal yoxa çıxıb. Onları başqası əvəzləyib. Müdiriyyətdə kim hesab edir ki, abonent nəyə baxmalı, yaxud nəyə və niyə baxmamalıdır!
“Боец” idman kanalı çox baxımlı, populyardır. Onu məhdud yönümlü “БоксТВ” əvəz edib. Belə nizamsız və əsassız dəyişikliklər içində bir kanal nədənsə toxunulmaz qalır.
“Ani” uşaq verilişləri kanalı. Ailə TV-də kim isə bilirmi ki, Ani nə deməkdir? Ermənilərin böyük təsir zonasında olan Rusiya dövlət televiziya və radio komitəsində isə çox gözəl bilirlər. Yoxsa Rusiyanın uşaq verilişləri kanalına bu adı verməzdilər. Ani - uydurma qədim Ermənistan dövlətinin olmamış paytaxtının adıdır.
Belə çıxır ki, “Ani” Ailə TV-nin ailə üzvüdür...
A.ƏZİZ