“Alyaska görüşü Kremlin qələbəsi deyil” - Marko Rubio

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə cümə günü Alyaskada planlaşdırılan görüşü Kremlin qələbəsi deyil və Rusiyaya güzəşt kimi qəbul edilməməlidir. 

Aug 13, 2025 - 14:01
“Alyaska görüşü Kremlin qələbəsi deyil” - Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu “Sid & Friends in the Morning” podkastına müsahibəsində bildirib. 

Rubionun sözlərinə görə, Putinlə telefon danışıqları zamanı Tramp arzulanan nəticəni əldə etməyib. Ona görə də ABŞ prezidenti vəziyyətə “adamın gözünün içinə baxaraq” öz qiymətini vermək üçün Rusiya hökmdarı ilə şəxsən görüşmək qərarına gəlib.

“Prezident Tramp üçün görüş güzəşt deyil. Əgər xəbərlərə baxsaq, insanların necə ağlını itirdiyini görərsiniz: “Oho, Putin üçün necə zəfər; o, görüşü aldı!”. Görüş mövqeləri aydınlaşdırmaq və qərar vermək üçün atdığın addımdır. Prezident məhz bunu etmək istəyir”.

Rubio nəzərə çatdırıb ki, cümə günü Alyaskada keçiriləcək görüş tanışlıq xarakteri daşıyacaq və artıq “başlanğıcda ümumiyyətlə uğur şansının olub-olmadığını anlayacağıq”.

Dövlət katibi onu vurğulayıb ki, Tramp “müstəsna sövdələşmə ustadı” və “inanılmaz danışıqşıqçı” kimi nüfuza malikdir, onun yanaşması şəxsi ünsiyyətdə xüsusilə effektlidir.

“Onun insan təbiətinə böyük hissiyyatı var. Belə vəziyyətlərdə necə hərəkət etməyi anlayır. Mən onun şəxsən işlərə qarışanda və sazişləri bağlayanda bunun ticari sövdələşmələrdə necə uğur gətirdiyini görmüşəm və bu, həmişə üz-üzə baş verir. Bunu telefonla etmək çətindir. Düşünürəm ki, cümə günü iclasın məğzi məhz bunda olacaq”, - deyə Rubio əlavə edib.

Eyni zamanda Rubio etiraf edib ki, danışıqlar çətin olacaq, çünki “bu müharibə Putin üçün çox vacibdir”.

Xatirə SADİQ